...

Bakıda dövlət qulluğuna qəbulun Aİ standartlarına uyğunlaşdırılması ilə bağlı seminar keçirilib

Cəmiyyət Materials 28 Fevral 2013 12:48 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa İttifaqı "Şərq Tərəfdaşlığı"nın “Demokratiya, yaxşı idarəçilik və sabitlik” platformasının “Dövlət idarəçiliyi sahəsində islahatlar” paneli çərçivəsində “E-qəbul sistemləri və digər e-hökumət alətləri” mövzusunda seminar keçirib.
Bakıda dövlət qulluğuna qəbulun Aİ standartlarına uyğunlaşdırılması ilə bağlı seminar keçirilib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa İttifaqı (Aİ) "Şərq Tərəfdaşlığı"nın "Demokratiya, yaxşı idarəçilik və sabitlik" platformasının "Dövlət idarəçiliyi sahəsində islahatlar" paneli çərçivəsində "E-qəbul sistemləri və digər e-hökumət alətləri" mövzusunda seminar keçirib.

Trend-in məlumatına görə, tədbir "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində baş tutub.

Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dövlət qulluğuna elektron qəbul sisteminə dair Azərbaycan və beynəlxalq təcrübənin müqayisə və müzakirə edilməsi, eləcə də dövlət qulluğuna qəbulda e-xidmətin tətbiqi sahəsində Azərbaycanın əldə etdiyi uğurları xarici dövlətlərin analoji qurumları ilə bölüşmək, eyni zamanda, bu sahədə xarici təcrübəni öyrənməkdən ibarətdir.

Bu layihədə Azərbaycan da daxil olmaqla 6 ölkə iştirak edir. Layihənin məqsədi bu ölkələrdəki standartların Avropa İttifaqı standartlarına uyğunlaşdırmaqdır.

"Sevindirici haldır ki, Avropa İttifaqı bu ölkələrdən məhz Azərbaycanın təqdimatını bəyənib. Ona görə də tədbir Bakıda təşkil edilib", - Xəlilov vurğulayıb.

Seminarda layihə üzvü olan Estoniya, Belarus, Gürcüstan, Moldovadan başqa, Polşa, Rumıniya və Ukraynanın dövlət qulluğu sahəsində müvafiq qurumlarının, Avropa Şurasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Avropa İttifaqının Bakı nümayəndəliyinin, ölkənin mərkəzi icra hakimiyyəti orqanlarının, Dövlət Neft Şirkəti və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri iştirak edir.

Komissiyanın sədri Azərbaycan Prezidenti İlham Əliyevin informasiya və kommunikasiya texnologiyalarının bütün sahələrdə tətbiqinə xüsusi önəm verdiyini vurğulayıb və bu istiqamətdə görülən işlərdən danışıb.

Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin əməkdaşları "Azərbaycanda dövlət idarəçiliyi və dövlət qulluğu sistemi", "Dövlət qulluğu məsələləri üzrə komissiyasının e-xidmətləri" mövzusunda çıxış ediblər. Təqdimatda Azərbaycanda dövlət idarəçiliyi və qulluğu sistemi, dövlət qulluğu sahəsində İKT-nin tətbiqi və bu sahəni tənzimləyən normativ-hüquqi aktlar, Komissiyaının göstərdiyi e-xidmətlər, dövlət qulluğuna qəbul üçün müraciətin və sənədlərin qəbulu və s. haqqında məlumat veriblər.

Bundan başqa, seminarda dövlət qulluğuna qəbulda İKT-nin tətbiqi sahəsində Gürcüstan və Rumıniya təcrübəsi dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti