...

Bəhram Xəlilov: Hələ də etik davranış qaydalarının pozulduğu dövlət orqanları var

Cəmiyyət Materials 28 Fevral 2013 13:28 (UTC +04:00)
Dövlət qulluqçularına qarşı tənbehlərin çoxluğu həmin dövlət orqanında etik davranışla bağlı problemlərin olduğunun göstəricisi deyil.
Bəhram Xəlilov: Hələ də etik davranış qaydalarının pozulduğu dövlət orqanları var

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Dövlət qulluqçularına qarşı tənbehlərin çoxluğu həmin dövlət orqanında etik davranışla bağlı problemlərin olduğunun göstəricisi deyil. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.

"Hansı dövlət orqanında dövlət qulluqçularına qarşı daha çox intizam tənbeh tədbirləri tətbiq edilibsə, bu o demək deyil ki, orada etik davranışla bağlı problem var. Bu onun göstəricisidir ki, həmin dövlət orqanları bu məsələyə ciddi yanaşırlar. Elə dövlət orqanları var ki, orada intizam tənbeh tədbirləri heç tətbiq edilməyib, amma orada etik davranış qaydalarının pozuntusu var", - Komissiya sədri qeyd edib.

Hazırda Azərbaycanda bütün təsnifatlar üzrə 30 minə yaxın dövlət qulluqçusunun olduğunu deyən Xəlilovun fikrincə, dövlət qulluqçularının etik davranış məsələlərində hər bir dövlət qurumuna fərdi qaydada yanaşmaq lazımdır.

"İstərdim ki, cəmiyyət bunu düzgün qəbul etsin. Hansı dövlət orqanlarında ki bu işə ciddi yanaşılır, daxil olan hər bir siqnal araşdırılır, etik davranışla bağlı prosedurlara əməl edilir, intizam tənbehi tətbiq edilirsə, biz bunu həmişə dəstəkləmişik. Burada dövlət orqanları rəhbərliyinin, həm də etik müvəkkillərin işini yüksək qiymətləndirmək olar", - Xəlilov vurğulayıb.

Qeyd edək ki, 2012-ci ildə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərini pozan 339 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 263-ü mərkəzi icra hakimiyyəti orqanlarında, 76-sı isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 339 intizam tənbeh tədbirindən 279-u töhmət, 31-i dövlət qulluğundan azad edilmə, 15-i vəzifə maaşının azaldılması, 6-sı ixtisas dərəcəsinin bir pillə aşağı salınması növündə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti