Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/
Təhsil Nazirliyinin Akkreditasiya Şurası Gəncə 1 nömrəli peşə liseyinin ixtisaslarını akkreditasiyadan keçirməyib.
Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev cümə günü Trend-ə bildirib ki, Gəncə 1 nömrəli peşə liseyinin fəaliyyəti "qeyri-kafi" qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunmaması barədə qərar qəbul edilib.
Onun sözlərinə görə, həmin təhsil müəssisəsinin maddi-texniki bazası zəif olub, istehsalat təcrübəsi müəyyənləşdirilmiş meyarlara uyğun təşkil edilməyib. Məktəbin fəaliyyəti ilə bağlı digər çatışmazlıqlar da üzə çıxıb.
Zərbəliyev deyib ki, müvafiq ixtisasları akkreditə olunmadığı üçün bu məktəb 1 il ərzində, yəni növbəti tədris ili üçün şagird qəbulu apara bilməz. Məktəb 1 il müddətində mövcud çatışmazlıqları aradan qaldırmalıdır. Bundan sonra isə təkrar akkreditasiyadan keçməsi üçün müraciət etməlidir.
Zərbəliyev Gəncə 1 nömrəli peşə liseyinin bütün ixtisasları üzrə akkreditasiyadan keçməyən ilk məktəb olduğunu da deyib.
O qeyd edib ki, Akkreditasiya Şurası Qax peşə liseyi, Zaqatala peşə məktəbi və Ağdam peşə məktəbinin fəaliyyətinin "kafi" qiymətləndirilərək müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edib.