Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/
Milli Məclisdə dövlət büdcəsindən elm sahəsinin maliyyələşdirilməsinin artırılması təklif olunub.
Trend-in məlumatına görə, millət vəkili Asəf Hacıyev cümə günü Milli Məclisdə Azərbaycan hökumətinin 2012-ci ildə fəaliyyəti barədə hesabatının dinlənilməsi zamanı çıxışında bildirib ki, son 10 ildə Azərbaycan büdcəsi 16 dəfə artsa da, elmə ayrılan vəsait ancaq yeddi dəfə artıb. Bu vəsaitlə də ölkədə elmin inkişafına nail olmaq olmaz.
Millət vəkilinin sözlərinə görə, 2012-ci ildə büdcədə elmə ayrılan vəsait büdcənin 0,7%-ni təşkil edir.
"Bu vəsaitlə də elmi stimullaşdırmaq mümkün deyil. Digər ölkələrlə müqayisədə bizdə elm adamlarına verilən maaşlar çox aşağıdır. Əgər biz ölkədə elm sahəsində uğurlu nəticə əldə etmək istəyiriksə, o zaman bu sahəyə diqqət artırılmalı və büdcədə elmin payına düşən xərcləri 2%-ə çatdırmalıyıq", - o bildirib.