Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/
Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artıb.
Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Trend-ə bildirib ki, 2012-ci ildə qeydiyyatda olan onkoloji xəstələrin sayı 31 954 nəfərə çatıb. 2011-ci ildə bu xəstələrin sayı 28 685 nəfər, 2010-cu ildə bu göstərici 28 052 nəfər olub. Bu xəstələrin sayının artmasını ölkə əhalinin sayının artması ilə izah edən baş onkoloq bildirib ki, bir necə il əvvəl ölkə əhalisinin sayı 7 milyon nəfər idisə, bu gün əhalinin sayı 9 milyon 300 mindən coxdur.
Kərimli deyib ki, 2011-ci ildə qeydiyyata götürülmüş 28 685 xəstədən 5 ilə qədər və 5 ildən yuxarı yaşayanların sayı 11 161 nəfər olub. 2012-ci ildə isə bu rəqəm 11 974 nəfər olub.
Baş onkoloqun sözlərinə görə, Azərbaycanda onkoloji xəstəliklərin I və II mərhələdə aşkarlanması baxımından vəziyyət xeyli yaxşılaşıb. 2010-cu ildə 3116 nəfər xəstəliyin I və II mərhələsində müraciət etmişdirsə, 2011-ci ildə belə xəstələrin sayı 3824, 2012-ci ildə 3706 olub. Digər xəstələr isə xəstəliyin III və IV mərhələsində müraciət ediblər.
Kərimli bildirib ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda kişilər arasında da ən cox traxiya-bronx-ağçiyər, qadınlarda süd vəzisi xərcənginə rast gəlinir. Traxiya-bronx-ağçiyər xərçəngi olan xəstələrin sayı 2011-ci ildə 1048 nəfər idisə, 2012-ci ildə 1023 nəfər olub. Süd vəzisi xərcəngi xəstələrinin sayı 2011-ci ildə 1466 nəfər olduğu halda, 2012-ci ildə 1433 nəfər olub. 2011-ci ildə 8671 nəfərə həyatında ilkin xərcəng diaqnozu qoyularaq qeydiyyata götürülüb. 2012-ci ildə bu rəqəm 8686 olub.
Həyatında ilkin diaqnoz qoyulan xəstələrin sayının 9 milyon nəfərdən cox əhalisi olan Azərbaycan üçün o qədər də böyük rəqəm saymayan Kərimlinin sözlərinə görə, keçmiş sovet respublikaları ilə müqayisədə Azərbaycanda belə xəstələrin sayı azdır. Qeydiyyata alınmış onkoloji xəstələr arasında ölüm göstəricisi isə 2010-cu ildə 5325 nəfər, 2011-cu ildə 5989 nəfər, 2012-ci ildə 5547 nəfər olub.
Azərbaycanda uşaq onkologiyasının da artıq inkişaf etdiyini deyən Kərimli bildirib ki, uzun müddət Azərbaycanda uşaq onkologiyasının olmaması belə xəstələrin müalicə üçün ya xarici ölkələrə üz tutmaları, ya da müalicədən kənarda qalmaları ilə nəticələnirdi. İndi isə belə xəstələrin xaricə müalicə üçün getmələrinə heç bir əsas yoxdur.
Kərimli bildirib ki, ümumiyyətlə, uşaqlarda xərcəng xəstəliyinin sağalma meyli böyüklərə nisbətən cox-cox yüksəkdir.