...

Azərbaycanda dövlət qulluğunda işləmək istəyənlər üçün yeni fürsət

Cəmiyyət Materials 30 Aprel 2013 18:25 (UTC +04:00)
Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib.
Azərbaycanda dövlət qulluğunda işləmək istəyənlər üçün yeni fürsət

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib.

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komissiya mayın 1-dən 19 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 310 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 275-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 14-ü isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 20-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulması prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. Dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;

2. Qanunvericilik sahəsində - 40 test tapşırığı;

3. İnformasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

4. Məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait qurumun rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə komissiyada qeydiyyatdan keçməlidirlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları isə sənədlərini 20 gün müddətində komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 1 may 2013-cü il tarixli sayında və 1 may 2013-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.az) veriləcək.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 75, Gənclər və İdman Nazirliyi üzrə 69, Dövlət Sosial Müdafiə Fondu üzrə 46, Maliyyə Nazirliyi üzrə 22, Nəqliyyat Nazirliyi üzrə 18, İqtisadi İnkişaf Nazirliyi üzrə 12, Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 7, Səhiyyə Nazirliyi üzrə 6, Dövlət Statistika Komitəsi üzrə 4, Kənd Təsərrüfatı Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi üzrə 1 vakant vəzifə, məhkəmə hakimiyyəti orqanlarından Nərimanov Rayon Məhkəməsi üzrə 9, Sumqayıt Apellyasiya Məhkəməsi 2, Abşeron Rayon Məhkəməsi, Hacıqabul Rayon Məhkəməsi və Qubadlı Rayon Məhkəməsi üzrə isə 1 vakant vəzifə müsabiqəyə, Gənclər və İdman Nazirliyi üzrə 3, Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 15, Sumqayıt Apellyasiya Məhkəməsi üzrə isə 1 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti