...

Dövlət Komitəsinin sədri: Azərbaycanın həm siyasi, həm də ictimai həyatının bütün sahələrində qadınların rolu və sayı ildən-ilə artır

Cəmiyyət Materials 14 İyun 2013 11:21 (UTC +04:00)
Onun sözlərinə görə, səhiyyə, təhsil, elm, mədəniyyət sahələrində böyük təmsilçiliyinə baxmayaraq, qadınların ordu, idman, siyasət, iqtisadiyyat, milli təhlükəsizlik, diplomatiya, neft istehsalı, məhkəmə və hüquq-mühafizə orqanlarında sayı da gündən-günə çoxalır.
Dövlət Komitəsinin sədri: Azərbaycanın həm siyasi, həm də ictimai həyatının bütün sahələrində qadınların rolu və sayı ildən-ilə artır

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanın həm siyasi, həm də ictimai həyatının bütün sahələrində qadınların rolu və sayı ildən-ilə artır. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "İnkişaf naminə birlik" devizi altında keçirilən Azərbaycan Qadınlarının IV Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səhiyyə, təhsil, elm, mədəniyyət sahələrində böyük təmsilçiliyinə baxmayaraq, qadınların ordu, idman, siyasət, iqtisadiyyat, milli təhlükəsizlik, diplomatiya, neft istehsalı, məhkəmə və hüquq-mühafizə orqanlarında sayı da gündən-günə çoxalır: "Bizim işimizin əsas istiqamətlərindən biri də qadınlarımızın liderlik mövqeyinin yüksəldilməsi, hakimiyyətdə və idarəetmədə iştirakının artırılması, onların cəmiyyətin bərabərhüquqlu üzvü kimi öz potensialını tam reallaşdırmasına nail olmaqdan ibarətdir".
H.Hüseynova bildirib ki, lider qadınların irəli çəkilməsində dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq, son seçkilərdə Milli Məclisdə qadın millət vəkillərinin sayı artaraq, 10 faizdən 16 faizə, bələdiyyələrdə isə qadınların sayı 4 faizdən 26 faizə çatıb.

Komitə sədrinin sözlərinə görə, son illərdə qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına xidmət edir.
H.Hüseynovanın sözlərinə görə, YAP-ın Siyasi Şurasında və partiyanın digər ali orqanlarında qadınların sayı artır, yüksək vəzifələrə seçilirlər. Partiyanın V qurultayında Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilməsi fərəhlə qeyd edilir.

H.Hüseynova bildirib ki, Azərbaycanın bütün bölgələrindən qadınlarımızın ünvanlandığı çoxsaylı müraciətlərdə qarşıdan gələn seçkilərdə onların fəal iştirakının vacibliyi vurğulanır: "Buna görə də bizim əsas vəzifələrimizdən biri də seçicilərin yarıdan çoxunu təşkil edən qadınlarımızın fəal iştirakına və düzgün seçim etmələrinə nail olmaqdan ibarətdir. İyunun 7-də keçirilən Yeni Azərbaycan Partiyasının V qurultayının əsas şüarı "Güclü lider güclü Azərbaycan" olub. Biz qadınlar özümüzə sual verməliyik. Biz hansı ölkədə, dövlətdə yaşamaq istəyirik? Əlbəttə ki, müasir, dünyəvi, güclü, daim inkişaf edən, heç bir ailənin və ya vətəndaşın müraciətini diqqətdən kənarda saxlamayan bir dövlətdə. Belə bir dövləti isə ancaq güclü şəxsiyyət idarə edə bilər. Bizim belə bir güclü liderimiz var - bu, ölkə Prezidenti İlham Əliyevdir. Əminik ki, bütün Azərbaycan qadınları düzgün seçim edəcəklər. Biz hamımız sabitliyə, dinamik inkişafa, inamlı gələcəyə səs verəcəyik! Biz hamımız Qarabağ münagişəsinin həlli, Azərbaycanın beynəlxalq aləmdə mövgeyi və ölkənin iqtisadi inkişafının güclənməsi məqsədilə "İnkişaf naminə birlik" devizi altında gələcək seçkilərdə cənab İlham Əliyevi dəstəkləyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti