Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İzzət/
Rusiya Federasiyası və Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən "Məhərrəmkənd" sərhəd-keçid məntəqəsinin inzibati binasında Azərbaycan-Rusiya gömrük xidmətləri nümayəndələrinin işçi qrupunun görüşü keçirilib.
Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Rusiya Federasiyasını Şimali Qafqaz Gömrük İdarəsinin Gömrük nəzarətinin təşkili xidmətinin rəisi Dmitriy Ştenberqin, Azərbaycan Respublikasını isə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəisi Sahib Axundovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.
Görüşdə Rusiya Federasiyasının "Yaraq-Qazmalar" və Azərbaycan Respublikasının "Samur" sərhəd gömrük buraxılış məntəqələrindən keçən sərnişinlərin və nəqliyyat vasitələrinin hərəkətində yaranan problemlərin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Belə ki, qeyd olunan tədbirlər çərçivəsində dövlət sərhədinin Rusiya-Azərbaycan ərazisində sərnişinlərin, nəqliyyat vasitələrinin və malların buraxılış məntəqələrindən keçirilməsinin vəziyyəti barədə müəyyən edilmiş əlaqə vasitələri ilə məlumat mübadiləsinin davam etdirilməsi, sərhəd və gömrük xidmətlərində növbələşmənin buraxılış məntəqələrinin işini dayandırmadan həyata keçirilməsi, yük və sərnişin nəqliyyat vasitələrinin hərəkətindəki yubanmaların qarşısını almaq üçün tərəflərin maraqlarını və imkanlarını nəzərə alaraq, bütün kateqoriyadan olan nəqliyyat vasitələrinin gündəlik buraxılmasının təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa, görüşdə kənd təsərrüfatı məhsullarının ixracı ilə əlaqədar məsələlərə də toxunulub, Azərbaycan tərəfi, xüsusilə tez xarab olan bu cür məhsulların qonşu ölkəyə növbədənkənar, maneəsiz ixracının zəruriliyini bildirib, qarşıya çıxacaq hər hansı problemin dərhal, yerindəcə həlli ilə bağlı müvafiq təkliflərini irəli sürüb. Rusiya tərəfi isə, öz növbəsində qaldırılan məsələnin aktuallığını nəzərə alaraq bu istiqamətdə konkret tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərinin də müzakirə olunduğu görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.