...

Lələkənd və Ballı Qaya döyüşlərində əməliyyata rəhbərlik etmiş şəxslərin həbs olunmaları tələb edilib

Cəmiyyət Materials 2 İyul 2013 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/

Bu gün 29 dekabr 1992-ci il tarixində Lələkənd və Ballı Qaya döyüş əməliyyatı zamanı əməliyyata rəhbərlik etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlı həmin döyüşdə şəhid olmuş 29 döyüşçünün valideynlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, Respublika Hərbi Prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov bildirib ki, həmin fakta görə, 25 fevral 1993-cü il tarixində Qazax qarnizonu hərbi prokurorluğu tərəfindən 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 255-ci maddəsinin V bəndi ilə cinayət işi başlanılıb və istintaqı aparılıb. Müxtəlif dövrlərdə həmin cinayət işinin icraatı dayandırılsa da, zərərçəkmişlərin müraciətləri əsasında qərar 14 aprel 2012-ci il tarixində təzələnib və CM-nin 341.3-cü maddəsinə tövsif olunub.

Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov qeyd edib ki, 707 saylı hərbi hissənin döyüş əməliyyatı zamanı 28 nəfər düşmən tərəfindən Lələkənd yaxınlığında, 3 nəfər isə Ballı Qaya istiqamətində mühasirəyə alınaraq qətlə yetirilib. Çoxlu sayda hərbçi isə müxtəlif bədən xəsarətləri alıb.

Onun sözlərinə görə, bu cinayət işi 1993-cü ilin fevralında başlanıb. Lakin işin tam obyektiv aparılması təmin olunmayıb: "Bunun da obyektiv və subyektiv səbəbləri olub. Cinayət işi yenidən öyrənilərkən yenidən ekspertiza təyin olunub və ekspertiza Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin mütəxəssislərinə həvalə olunub. Ekspertiza zamanı 707 saylı hərbi hissə komandanlığının səriştəsizlik göstərdiyi, mühasirədə olan şəxslərin çıxarılması üçün heç bir addım atılmadığı göstərilib. İş zamanı müəyyən olunub ki, sabiq hərbi hissə komandiri İsa Sadıqov tərəfindən özbaşına keçirilmiş əməliyyat korpus komandiri Dadaş Rzayev və müavini Hamlet Hüseynovla razılaşdırılmayıb. Cinayət işinin istintaqı zamanı məlum olub ki, Sadıqov komandir vəzifəsində şəxsi maraqlarından çıxış edib, qulluq səlahiyyətini aşıb, özbaşına qərarlar qəbul edib. Tabeliyində olan birinci taborun birinci bölüyünü döyüş əməliyyatına cəlb edib. Baş leytenant Novruz İsmiyev şəxsi heyətin döyüşə hazır olmadığını söyləsə də, buna fikir verilməyib".

Əhmədovun sözlərinə görə, İsa Sadıqov barəsində 12 iyun 2013-cü il tarixində axtarış elan edilib: "Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində axtarış və həbsi barədə qərar çıxarılıb. İstintaq hazırda davam edir".

Həmin dövrdə hərbi hissədə tabor komandiri olmuş, polkovnik-leytenant Novruz İsmiyev bildirib ki, bu tapşırıq alındıqdan sonra o, hərbi hissə komandirinə hazırlıq üçün vaxt lazım olunduğunu deyib, lakin təklif qəbul edilməyib: "Tapşırığın, döyüşün məqsədini və niyyətini tam aydınlaşdırmadı. Məni tabor komandiri kimi döyüşü idarə etməkdən uzaqlaşdırdı".

Hərbi hissədə bölük komandiri olmuş Valeh Sadiqli isə qeyd edib ki, onlara verilən tapşırıq 90 faizi yerinə yetirilib: "Briqada komandiri kömək göndərməyə söz versə də, lazım olan köməyi göndərmədi. Biz demək olar ki, kəndi almışdıq. Lakin kömək gəlmədi. Amma söz vermişdilər ki, 11 tank, BMP və 200 şəxsi heyət köməyə gəlməli idi".

Tədbirdə Lələkənd döyüşündə şəhid olmuş döyüşçülərin valideynləri də çıxış ediblər. Şəhid Elməddin Musayevin atası Həsən Musayev bildirib ki, ona oğlunun şəhid olması barədə ona hərbi hissə komandanlığı tərəfindən heç bir məlumat verilməyib. "İsa Sadıqovun yanında olaraq oğlunun niyə ölməsi və niyə onlara kömək göndərilmədiyini öyrənmək istədim, amma məni qəbul etmədi. Onu ittiham edəndə əmr etdi ki, məni ordan uzaqlaşdırsınlar."

Çıxış edən şəhid Qalib Allahverdiyevin qardaşı Sabir Allahverdiyev, eləcə də digər valideylər və hərbi hissənin keçmiş əsgərləri bildirdilər ki, onlar övladlarının şəhid olmasında günahkar olanların tapılmasını və cəzalandırılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti