...

"Forbes": Azərbaycan müstəqillik əldə etdikdən sonra xeyli inkişaf edib

Cəmiyyət Materials 24 İyul 2013 14:25 (UTC +04:00)
Hazırda ənənəvi keb-taksilər artıq təkcə Londonun rəmzi deyil. Belə ki, Bakının qonaqları və sakinləri də həmin taksiləri öz şəhərlərinin simvolu hesab edirlər.
"Forbes": Azərbaycan müstəqillik əldə etdikdən sonra xeyli inkişaf edib

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Hazırda ənənəvi keb-taksilər artıq təkcə Londonun rəmzi deyil. Belə ki, Bakının qonaqları və sakinləri də həmin taksiləri öz şəhərlərinin simvolu hesab edirlər. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın nüfuzlu "Forbes" nəşrində dərc olunan məqalədə deyilir.

Xəzərin sahlində yerləşən bu qədim şəhər üçün tünd bənövşəyi rəngli taksilər seçilib.

Məqalədə deyilir ki, Azərbaycanın ənənəvi yeməkləri rəngarəng və ləzizdir, xalq musiqisi olan muğam qədim ənənələrə malikdir. Muğam dünya mədəniyyətinin incisi kimi YUNESKO-nun himayəsi altındadır.

Dünyada ən yaxşı qara kürünün böyük hissəsi yaxınlıqdakı sulardan tədarük edilir.

Məqalə müəllifi qeyd edir ki, Bakının küçələrində uzun müddət şütüyən köhnə taksi modellərini əvəzləmək barədə qərar Azərbaycan xalqını sovet dövründəki qeyri-səmərəli idarəetmə, uzun növbələrlə bağlı xatirələrdən uzaqlaşdırdı.

Müəllif yazır: "Ötən il Bakıda "Eurovision" müsabiqəsi planlaşdırılan zaman taksi parkının əvəzlənməsinin vacibliyi barədə qərar qəbul edilmişdi. Hazırda bakılılar öz taksiləri ilə fəxr edirlər".

Bu avtomobillərin Bakıya gətirilməsi Azərbaycanda turist axınının artması ilə üst-üstə düşdü ki, bu da həmin taksilərə üstünlük qazandırdı.

Məqalədə deyilir ki, 2011-ci il Azərbaycanda "Turizm ili" elan edilmişdi və ölkə rəhbərliyi turizmi uzunmüddətli perspektivdə ciddi gəlir mənbəyi qismində nəzərdən keçirir: "Xizək idmanı turizmin inkişafının əsas istiqamətlərindən birinə çevrilir. Məsələn, 2012-ci ildə Azərbaycanda "Şahdağ" kurortu açıldı. İl ərzində fəaliyyət göstərən kurort 10 min turisti yerləşdirmək üçün kifayət qədər böyük olacaq".

Müəllif yazır ki, Qafqazda ilk qolf sahəsi hazırda Azərbaycanda hazırlanır: "Qolf sahəsi beynəlxalq standartlara cavab verən, beynəlxalq turnirlərin keçiriləcəyi 18 oyuqlu olacaq".

Məqalədə deyilir ki, Azərbaycan hökuməti təhsilə də maliyyə resursları ayırır: "Bunun ən yaxşı nümunəsi Azərbaycan Diplomatik Akademiyasıdır (ADA). ADA-nın əməkdaş və professorlarının 30 faizi əcnəbidir, tələbələrin 25 faizi isə akademiyaya xaricdən gəlir".

Əlbəttə ki, neft sənayesinin vətəni hesab edilən Azərbaycan müstəqillik əldə etdikdən sonra xeyli inkişaf edib.

Məqalədə deyilir: "Ölkənin neft-qaz sənayesi inkişaf edir, Azərbaycan enerji sahəsində innovasiyalara investisiya yatırır, texnoloji innovasiyalar hesabına əldə edilən iqtisadi artım və sabitliyə köklənməyə davam edir. Bütün bunlar ən qabaqcıl infrastrukturun inkişafına və mütəxəssislərin hazırlanması üçün universitetlərin yaradılmasına ehtiyac doğurur".

2013-cü ilin mayında Bakıya səfər edən ABŞ senatoru Riçard Luqar bəyan etmişdi ki, Prezident İlham Əliyev xalqın enerji sahəsindən büdcəyə daxil olan gəlirləri və həmin vəsaitlərin xərclənməsini görə bilməsi üçün şəffaflıq mexanizmini tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti