Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İzzət/
Bu ilin birinci yarısında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi diqqət mərkəzində olub. Belə ki, 2013-cü ilin birinci yarısında 17 prokurorluq işçisi xidməti və icra intizamını pozduğuna görə intizam məsuliyyətinə cəlb edilib. Trend-in məlumatına görə, bu barədə avqustun 2-də Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.
Müşavirədə qeyd olunub ki, hesabat dövründə bütün struktur qurumların rəhbərlərinin, rayon və şəhər prokurorlarından ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülməsi tələb olunub.
Prezident cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarının prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanıldığı xüsusi vurğulanıb, bu sahədə işlərin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyi, Müraciətlərə baxılması idarəsinin kadr tərkibinin yeniləşdirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, müraciətlər üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşların müraciətlərinə formal və səthi cavabların verilməsi, qəbulların keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də olduğu nəzərə alınaraq, bütün struktur qurumların rəhbərlərindən və tabe prokurorlardan bu sahədə mənfi halların tezliklə aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.