Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İzzət/
Metropolitenin yeni texnoloji korpusunun istifadəyə veriləcəyi günə çox az vaxt qalıb. Artıq burada əsas inşaat işləri başa çatıb, cari işlər aparılır. Metropolitendə qarşıdakı illərin əsas yeniliklərinin tətbiqi elə buradan - Əsas İdarəetmə Mərkəzində başlayacaq.
Trend xəbər verir ki, texniki məsələlər üzrə məsləhətçi Elbrus Muradov bildirib ki, Dispetçer Mərkəzində quraşdırılan sistem əvvəlki ilə eyni olsa da, işarələri əks etdirən ekran görüntüləri daha fərqli və əyanidir. Tabloda stansiyalar üzrə hərəkətin təşkilinin əsas avadanlıq və işarələri tam əksini tapıb. Qatarlara gəlincə, hələlik ekranda yalnız onların görüntüsü olacaq. Lakin onların marşrut nömrə göstəricilərinin qoyulması üzərində iş aparılır. Məsələ bu il ərzində olmasa da, yaxın dövrlərdə öz həllini tapacaq:
"Ən böyük yenilik isə artıq indidən mövcud iki xəttin ayrılması istiqamətində işlərin aparılmasıdır. "Yaşıl" və "qırmızı" xətlərin dispetçerlərinin qatarları fərqli qaydada yönəldəcəyi gün də çox uzaqda deyil. Artıq xətlərin ayrılması istiqamətində işlərin həlledici mərhələsi görülür."
Elbrus Muradov qeyd edib ki, ilkin mərhələdə telesiqnalların qəbul edilməsi istiqamətində işlər aparılır. Teleidarəetmə sistemi isə sonradan quraşdırılacaq:
"İlk telesiqnallar "İçərişəhər", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyalarından qəbul edilib. Sonrakı mərhələdə, gecələr olmaq şərti ilə, stansiyalar üzrə sistemə qoşularaq, yeni dispetçer mərkəzi idarəetməni üzərinə götürəcək. Məqsəd mümkün əyər-əskiklərin aradan qaldırılmasıdır. Bu qayda ilə bütün sistemin fəaliyyəti tam təmin ediləcək."