Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İzzət/
Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Bakı şəhəri ərazisində yerləşən bütün təhsil müəssisələri polisin tam nəzarətinə götürüləcək. Xüsusilə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək: "Xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək. Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 16-dan etibarən Bakı şəhərindəki orta və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə baxış keçirilərək çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı üzrə bütün tədbirlər həyata keçiriləcək."
Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü sürücülərə və avtomobil sahiblərinə müraciət ünvanlayıb: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərinə təhsil müsəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbinin yerinə yetirilməsini tövsiyə edir. Məktəblərin ətrafında dayandırılmış nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində gediş-gəlişə çətinlik yaradır. Ona görə də avtomobili olanlar avtomobili olmayanlar barəsində də düşünsələr, yaxşı olar."
Bölmə rəisi onu da əlavə edib ki, Bilik Gününədək qarşısında piyada keçidi olmayan məktəblərin qarşısında şagirlərinin yolu rahat və təhlükəsiz keçmələri üçün piyada zolağı çəkiləcək. Hazırda həmin məktəblərin siyahısı müəyyənləşdirilir.
Bundan əlavə, yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən əlavə hansısa göstərişlər olarsa, onlar da yerinə yetiriləcək.