...

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2013 12:21 (UTC +04:00)
Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Trend-in məlumatına görə, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri cümə axşamı II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.
Tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də iştirak edib.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Aida İmanquliyevanın XX əsr Azərbaycan elminin ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib.

G.Baxşəliyeva bildirib ki, Aida xanım çox böyük elm və yaradıcılıq yolu keçib. O, ədəbiyyatların sintezi, onların bir-birinə qarşılıqlı təsirini öyrənən çox az sayda mütəxəssislərdən biri olub. Onun bir çox monoqrafiyaları, kitabları, tərcümələri, məqalələri işıq üzü görüb: "Bu gün demək olar ki, onların ikinci həyatı başlayıb. Onlar bir çox dillərə tərcümə olunurlar, yenidən nəşr olunurlar. Bu vəsaitlər daim istifadə olunur. Ancaq nə qədər ki, şərqşünaslıq elmi var, həmin əsərlərdən həmişə mütləq istifadə olunacaq".

G.Baxşəliyeva qeyd edib ki, Aida xanım gözəl elm təşkilatçısı olub. O, Azərbaycanı xaricdə keçirilən konfranslarda, elmi tədbirlərdə gözəl təmsil edirdi. Bununla yanaşı, Aida xanım gözəl elmi rəhbər olub, onun şərqşünaslıq sahəsində kadrların hazırlanmasında böyük zəhməti olub.

A. İmanquliyevanın Azərbaycan Milli Elmlər Akademiyasında kiçik elmi işçidən institutun direktoru vəzifəsinədək yüksəldiyini xatırladan G.Baxşəliyeva qeyd edib ki, Aida xanım konkret olaraq, mühacirətdə yaranmış ərəb ədəbiyyatına rus, Qərbi Avropa və Amerika ədəbiyyatlarının təsirini öyrəb: "Aida İmanqiliyevanın tədqiqatları metodologiyası ilə də fərqlənirdi. Sovet dövründə elmi metodologiya marksist-leninizm metodologiyasına əsaslansa da, Aidə xanımın metodologiyası ümumbəşəri dəyərlərə söykənirdi. Aida İmanquliyeva elmi tədqiqatları sayəsində öz dövrünü bir neçə il qabaqlayaraq belə nəticəyə gəldi ki, Şərqlə Qərbin əməkdaşlığı ümumbəşəri dəyərlər zəminində tamamilə mümkündür. Bu təsir nəticəsində yeni-yeni ecazkar sənət nümunələri yaratmaq olar".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova böyük alimin keçdiyi həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıb.

Aida İmanquliyevanı Azərbaycan qadınının simvolu hesab edən H.Hüseynova qeyd edib ki, Aida xanım Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın olub. O, özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb.

Aida xanımın Azərbaycan elmi üçün çox sayda ziyalılar yetişdirdiyini vurğulayan H.Hüseynova bu görkəmli şəxsiyyətin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını da söyləyib. Komitə sədri bildirib ki, A.İmanquliyeva hələ sovet dövründə beynəlxalq konfranslarda çıxış edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.

İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb.

Üç monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti