...

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilir

Cəmiyyət Materials 4 Noyabr 2013 18:13 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya noyabrın 5-dən 10 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 32 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.
Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilir

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya noyabrın 5-dən 10 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 32 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.

Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 5-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, 27-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı; 2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

Müsabiqəyə dair ətraflı məlumat noyabrın 5-dən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.az) və "Respublika" qəzetinin həmin tarixli sayında veriləcək.

Qeyd edək ki, 2013-cü il 4 oktyabr tarixdə 75 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 590 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu bu gün saat 18:00-da başa çatıb.

2013-cü il oktyabrın 25-də 19 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 416 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu isə noyabrın 25-i saat 18:00-da bitəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti