Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbirlər İ.İsabalayeva, S.Əhmədova/
ISESCO şəhərlə kəndlər arasındakı fərqlərin aradan qaldırılması və kəndlərdə yaxşı yaşayış şəraitinin yaradılması məqsədilə quruma üzv ölkələrin konkret proqramlar həyata keçirməsini təklif edib.
Trend-in məlumatına görə, bu təkliflə İSESCO-ya üzv olan ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin 4-cü konfransında çıxış edən təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tuveycri bildirib ki, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşayır. Onlar yaxşı yaşayış əldə etmək naminə kənd yerlərindən qaçırlar. Ona görə də dünyada şəhər əhalisinin nisbəti 1950-ci ildə 29,4% olduğu halda 2011-ci ildə 52,1%-ə çatıb.
İSESCO-nun baş direktoru qeyd edib ki, bu nisbət artmaqda davam edir. Onun sözlərinə görə, İSESCO-ya üzv ölkələrdə bu vəziyyət daha sürətlə inkişaf edir. Hazırda təşkilata üzv ölkələrdə əhalinin 47 faizi şəhərlərdə yaşayır ki, onların da yarısı uşaqlardır: "Bu, uşaqlar üçün böyük çağırışdır. Onların sosial ehtiyclarının ödənilməsi, təhsil, səhiyyə problemləri, hüquqi məsələlər ortaya çıxır. Ona görə də biz bu məsələlərə diqqət yetirməliyik. Xüsusi proqramlar, planlar ortaya qoymalıyıq ki, şəhərlə kəndlər arasında fərqlər aradan qaldırılsın. Kəndlərdə yaşayanlar üçün yaxşı yaşayış şəraiti yaratmalıyıq".
Əbdüləziz Osman əl-Tuveycri qeyd edib ki, insanların məskunlaşmasında böyük problemlər, onların gəlirlərində fərqlər var. Bu da birbaşa uşaqların səviyyəsinə, onlarla bağlı problemlərin yaranmasına gətirib çıxarır: "Biz urbanizasiyanı diqqətdə saxlayırıq. Biz bu konfrans nəticəsində uşaqlarla bağlı bu problemlərin həlli üçün birgə yollar axtarıb tapmalıyıq. Bütün dövlətləri problemlərin həlli üçün birgə səy göstərməyə çağırıram".