...

Azərbaycandakı reklamlarda dövlət dilindən istifadə vəziyyətini araşdırmaq üçün monitorinqlərə başlanıldı

Cəmiyyət Materials 12 Noyabr 2013 16:45 (UTC +04:00)
Azərbaycandakı bütün reklamlarda ədəbi dilin istifadəsi ilə bağlı vəziyyəti öyrənmək üçün monitorinqlərə başlanılıb.
Azərbaycandakı reklamlarda dövlət dilindən istifadə vəziyyətini araşdırmaq üçün monitorinqlərə başlanıldı

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycandakı bütün reklamlarda ədəbi dilin istifadəsi ilə bağlı vəziyyəti öyrənmək üçün monitorinqlərə başlanılıb. Bunu Trend-ə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev deyib.

Onun sözlərinə görə, monitorinqlər həm televiziyalarda verilən reklamları, həm küçə reklamlarını, həm də elan və afişaları əhatə edir. Monitorinqlər hələlik Bakı şəhərində aparılır. Bu tədbirlərin daha sonra regionlarda da davam etdirilməsi planlaşdırılır.

Monitorinqin nəticələri əsasında müəyyən məlumatlar toplandıqdan sonra onlar sistemləşdirilərək reklamların yerləşdirilməsinə məsul olan təşkilatlara təqdim ediləcək və onlara nöqsanların aradan qaldırılması tapşırılacaq.

H.Zərhbəliyev qeyd edib ki, yaxın zamanlarda televiziya və radiolardakı şou proqramların da monitorinqinə başlanılacaq.

O bildirib ki, dövlət proqramı çərçivəsində televiziyalarda ədəbi dilin qorunmasına nəzarət etmək məqsədilə aparılan monitorinq zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq proqram hazırlanacaq. Həmin proqram əsasında aparıcılar üçün treninqlər təşkil olunacaq: "Bizim məqsədimiz kimlərin nə səhv etdiyini müəyyənləşdirmək deyil. Əsas məqsədimiz davamlı baş verən səhvlərin aradan qaldırılması üçün aparıcılara treninqlər keçirməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti