...

Məhkəmə aparatı işçilərinə etik davranış qaydaları ilə bağlı təlimlər keçirilir (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2013 17:09 (UTC +04:00)
Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyası) təşkilatçılığı ilə Bakı şəhər Yasamal rayon məhkəməsinin inzibati binasında məhkəmə aparatı işçiləri üçün "Məhkəmə aparatı işçilərinin etik davranışının xüsusiyyətləri" mövzusuna həsr olunmuş təlim başlayıb.
Məhkəmə aparatı işçilərinə etik davranış qaydaları ilə bağlı təlimlər keçirilir (FOTO)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyası) təşkilatçılığı ilə Bakı şəhər Yasamal rayon məhkəməsinin inzibati binasında məhkəmə aparatı işçiləri üçün "Məhkəmə aparatı işçilərinin etik davranışının xüsusiyyətləri" mövzusuna həsr olunmuş təlim başlayıb.

Azərbaycan Hüquq İslahatları Mərkəzindən (AHİM) Trend-ə verilən məlumata görə, təlimdə Bakı şəhərinin bütün rayon məhkəmələrindən, habelə Abşeron rayon və Sumqayıt şəhər məhkəmələri aparatlarından 25 nəfər əməkdaş iştirak edib.

Təlimdə iştirak edən məhkəmə işçiləri əvvəlcə Yasamal rayon məhkəməsinin yeni inzibati binası ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Bakı şəhər Yasamal rayon məhkəməsinin sədri, Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyası) sədri Ələddin Cəfərov seminarın məhkəmə aparatı işçilərinin fəaliyyətində əhəmiyyətini və analoji tədbirlərin əksəriyyəti gənclərdən ibarət olan məhkəmə aparatı işçilərinə müsbət mənada təsir edəcəyini qeyd edib.

Daha sonra tədbir iştirakçılarını salamlayan Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) ictimai birliyinin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov hakim və məhkəmə işçiləri arasında münasibətlərin etik xüsusiyyətləri mövzusuna toxunub. Bu mövzu ilə bağlı beynəlxalq sənədlərdə olan müddəaları da qeyd edən A.Bağırov, xüsusilə 2001-ci ildə BMT-nin rəhbərliyi ilə qəbul edilmiş "Hakimlərin davranışı üzrə Banqalor prinsipləri"ndən danışıb. O, bu sənədin sədri olduğu ictimai birlik tərəfindən Azərbaycan dilinə tərcümə olunduğunu və kommentariya formasında nəşr olunduğunu seminar iştirakçılarının nəzərinə çatdırıb. Bu mövzuda AHİM tərəfindən hazırlanan Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurası (CCBE) tərəfindən hazırlanmış "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi"nin kommentariyaları, BMT-nin Ədalətli Məhkəmə Hakimiyyətinin Gücləndirilməsi üzrə Hakimlər Qrupu tərəfindən hazırlanmış "Məhkəmə aparatı işçiləri üçün davranış prinsipləri" və ölkəmizin müxtəlif dövlət orqanlarının etik davranış qaydalarını ehtiva edən "Etik Davranış Kodekslərinin Toplusu" kitablarının da məhkəmə işçilərinə, vəkillərə və ümumiyyətlə dövlət orqanlarında çalışan işçilərə öz fəaliyyətlərində gərəkli olacağı bildirilib.

Sonra təlim Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə sektorunun böyük məsləhətçisi Zahid Məmmədovun mühazirəsi ilə işini davam etdirib. Z.Məmmədov tədbir iştirakçılarına etik davranışla bağlı beynəlxalq sənədlərin və milli qanunvericiliyin məhkəmə aparatı işçilərinin fəaliyyətindəki rolundan danışıb.

Bakı şəhəri Nərimanov rayon məhkəməsinin sədri Tofiq Paşayev isə öz çıxışında məhkəmə aparatlarının işçiləri tərəfindən vətəndaşların qəbulu və bu zaman nəzərə alınmalı olan etik cəhətlərə diqqət yetirib.

Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti