...

Reymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2013 09:15 (UTC +04:00)
Görüş zamanı Reymslə Gəncə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Reymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb (FOTO)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir.

Trend-in məlumatına görə, bu fikir noyabrın 29-da şəhər bələdiyyə idarəsində Reymsin meri xanım Adelin Hazanla Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin görüşündə səslənib.

Görüş zamanı Reymslə Gəncə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

E.Vəliyev Reymsdə təşkil olunan beynəlxalq yarmarkaya Gəncənin fəxri qonaq qismində dəvət edilməsinə və Gəncədə istehsal olunan məhsullara iki pavilyonun ayrılmasına görə, minnətdarlığını bildirmiş, pavilyonlarda Gəncə şərablarının, xalçalarının və dekorativ tətbiqi sənət nümunələrinin, nar və xurmaların nümayiş etdirildiyini, Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən söz ustadının həyat və yaradıcılığına dair nəfis şəkildə çap olunan kitabların paylandığını diqqətə çatdırıb, hər iki şəhər arasında əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Adelin Hazan Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni sahələrdə yüksək əməkdaşlığın mövcud olduğunu vurğulayıb və şəhərlər arasında əlaqələrin inkişafında Reymsin maraqlı olduğunu bildirib.

Keçən ilin oktyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsinə dair tədbirlərin ilk dəfə Reymsdən başlamasını yüksək qiymətləndirən mer, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmin tədbirlərdə iştirakını xatırladıb, yüksək səviyyədə və uğurla keçən tədbirlərin reymslilər arasında böyük əks-səda doğurduğunu bildirib, Məhsəti Gəncəvinin 900 illiyi ilə bağlı sərgi və konsertin məhz Reymsdən başladığını fəxrlə qeyd edib.

Noyabrın əvvəllərində Gəncədə təşkil edilən ikinci beynəlxalq üzüm və şərab festivalında Şampan-Ardenn regional şurasının sədri Jan-Pol Başının iştirak etdiyini xatırladan Elmar Vəliyev Reymsin merini 2014-cü ildə keçiriləcək festivala dəvət edib.

Görüşdən sonra Adelin Hazan beynəlxalq yarmarkada Gəncə məhsullarının nümayiş etdirildiyi pavilyonlarla tanış olub.

Xalçaçı rəssam Faiq Osmanov, dekorativ tətbiqi sənət ustası Vilayət Qurbanov və şərabçılıq mütəxəssisi Namiq Vəliyev nümayiş etdirdikləri məhsullar barədə merə ətraflı məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti