Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İzzət/
Oxucular tərəfindən Trend-ə daxil olan çoxsaylı müraciətlərdə bildirilir ki, "Azərsu" ASC-nin əməkdaşları tərəfindən təmir işlərinin aparılması üçün Bakının bir çox yeni asfaltlanmış yolları qazılaraq sökülür. İşlər bitdikdən sonra isə yollar elə "Azərsu"nun əməkdaşları tərəfindəncə yenidən asfaltlanır. Lakin məsələ burasındadır ki, əvvəlkindən fərqli olaraq, sonradan yolun yamaqlanmış asfalt örtüyünün keyfiyyəti çox aşağı olduğundan qısa müddətdə sıradan çıxır. Bu isə həm nəqliyyat vasitələrinin sürücülərinə, həm də piyadalara müəyyən problemlər yaradır və bu da narazılıqlara səbəb olur.
Qeyd edək ki, bu problem həm magistrallarda, həm də yaşayış massivləri daxilindəki yollarda özünü qabarıq büruzə verir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev problemlə əlaqədar Trend-ə açıqlamasında bildirib ki, avtomobil yollarında hər hansı bir kommunikasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılmazdan öncə Nəqliyyat Nazirliyinə müraciət olunmalıdır. Yəni, bunun üçün icrası məcburi olan texniki şərt alınmalıdır: "Texniki şərtdə asfalt-beton örtüyünün hansı qaydada kəsilməsi, telekommunikasiya xəttinin çəkilməsi ilə bağlı xəndəyin qazılması, lazımi materiallar və s. aparılacaq zəruri işlər göstərilir. Yolu qazan kommunikasiya təşkilatı icrası məcburi olan bu texniki şərti aldıqdan sonra işlərə başlaya bilər. Bəzi hallarda qazıntıdan sonra kipləşdirmə işi düzgün aparılmadığı üçün yenidən həmin avtomobil yolunda çökmələr baş verir".
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, ASC avtomobil yollarında su və kanalizasiya xətlərini təmir edərkən və ya yeni xətt çəkərkən ilkin olaraq texniki şərt (razılıq) üçün Nəqliyyat Nazirliyinə müraciət olunur: "Texniki şərt alındıqdan sonra su və kanalizasiya xətlərinin təmiri və ya tikintisinə başlanılır. İşlər başa çatdıqdan sonra qazılmış ərazidə texniki tələblərə əməl olunmaqla əks doldurma və kipləşdirmə işləri aparılır. Sonda həmin ərazinin asfalt örtüyü "Azərsu" ASC ilə müvafiq yol təmir-tikinti idarələri arasında bağlanmış müqaviləyə uyğun olaraq, həmin idarələr tərəfindən bərpa edilir".
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, təmir işlərinin aparıldığı ərazidə çöküntü və ya başqa hallar başqa verərsə, bu, yerində araşdırılır: "Çünki bunun müxtəlif səbəbləri ola bilər. Belə hallarda vətəndaşlar "Azəryolservis"ə müraciət etməlidirlər".