Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/
Vakant dövlət qulluğu vəzifələri üzrə 4, 25 oktyabr və 5, 20 noyabr 2013-cü il tarixlərdə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatıb.
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 4, 25 oktyabr və 5, 20 noyabr 2013-cü il tarixlərdə Komissiya 99 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək üçün DQMK-da 2325-i qadın namizəd olmaqla 6406 namizəd qeydə alınıb. Qeydə alınmış 6406 namizədin orta hesabla 81,70%-ni gənclər təşkil edib. Namizədlərdən 2156 nəfəri test imtahanında iştirak etməyib.
Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 453-ü qadın namizəd olmaqla 1374 nəfəri qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin orta hesabla 86,17%-ni gənc namizədlər təşkil edib.
Test mərhələsini uğurla başa vuran namizədlərdən 373 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb; 746 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb; 255 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.
Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirilib.
Müsabiqənin müsahibə mərhələsi 23 dekabr 2013-cü il tarixdən başlayıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Dəniz Administrasiyası və Şəki Apelyasiya Məhkəməsi üzrə keçirilən müsahibələr başa çatıb. Qeyd olunan 5 dövlət orqanı üzrə müsahibə mərhələsində iştirak etmək üçün 28 namizəd qeydə alınıb. Onlardan 9-u müsahibədən uğurla keçib, 19-u vəzifəyə uyğun hesab edilməyib, 2-si isə müsahibə mərhələsində iştirak etməyib.