Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycanda mobil operatorların reklam SMS-ləri ilə bağlı bəzi məsələlər Milli Məclisdə narahatlıq yaradıb.
Trend xəbər verir ki, millət vəkili Elmira Axundova Milli Məclisin bugünkü plenar iclasında mobil operatorlardan və onların göndərdiyi "spam"lardan şikayətlənib.
E.Axundovanın sözlərinə görə, onun telefonuna hər gün 20-dən çox "spam" reklam mətnləri gəlir: "Təkcə bir gün ərzində müxtəlif şirkətlərdən mesajlar gəlir. Hamısının da məqsədi insanları aldatmaq, mənasız oyunlara cəlb etməkdir. Bu mesajları açanda balansdan məbləğ silinir. Nəzərə alsaq ki, bir ailədə 5-6 mobil telefon var, büdcəyə kifayət qədər ziyan dəydiyini söyləmək olar. Bu hallar daha çox Bakcell-də müşahidə olunur".
Millət vəkili təklif edib ki, abunəçi istəyi olmadan ona hansısa reklam mesajının göndərilməsi qadağan olunmalıdır.
Oqtay Əsədov isə millət vəkilinin bu iradları ilə razılaşdığını deyib. Spikerin fikrincə, insanların arzusu olmadan telefonu SMS-lə doldururlar. O.Əsədov bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə müraciət edərək məsələnin araşdırılmasını tapşırıb.