...

Azərbaycanda süd vəzisi xərçəngi cavanlaşıb

Cəmiyyət Materials 7 Aprel 2014 16:24 (UTC +04:00)
Azərbaycanda süd vəzisi xərçəngi cavanlaşıb. Əvvəlki illərdən fərqli olaraq, artıq ölkədə bu xəstəliyə 22-28 yaşlı qadınlar da tutulur.
Azərbaycanda süd vəzisi xərçəngi cavanlaşıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda süd vəzisi xərçəngi cavanlaşıb. Əvvəlki illərdən fərqli olaraq, artıq ölkədə bu xəstəliyə 22-28 yaşlı qadınlar da tutulur.

Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Samir Qurbanov Trend-ə bildirib ki, əvvəllər Azərbaycanda qadınlar arasında süd vəzisi xərçənginə 55-65 yaşlı qadınlar arasında rast gəlinirdisə, bu gün artıq bu xəstəliyə daha çox 45-50 yaşlı insanlar arasında rast gəlinir. Bu isə süd vəzisi xərçənginin cavanlaşdığını göstərir: "Əvvəllər biz 25-28 yaşlı qadınlar arasında süd vəzisi xərçənginə tutulma halına rast gəlmirdik. Ancaq indi hər il 22-28 yaş arasında olan azı 10-12 xəstə görürük. Bu, hədsiz dərəcədə acınacaqlı haldır".

S.Qurbanov deyib ki, digər xəstəliklərdən fərqli olaraq, yaş amili süd vəzisi xərçəngində çox mühüm rol oynayır. Çünki yaş nə qədər az olarsa, xəstəlik bir o qədər aqressiv keçir. Şiş cavan yaşlarda nə qədər tez aşkarlanarsa, bir o qədər tez başqa orqanizmləri zədələyərək sıradan çıxarır və müalicəyə daha az tabe olur. Buna görə də cavan vaxtlarında süd vəzisi xərçənginə tutulan qadının ömür uzunluğu bu xəstəliiyə yaşlı vaxtlarda yoluxan qadınla müqayisədə daha qısa olur: "Təbii ki, bu gün biz süd vəzisi xərçənginə tutulan qadınların sayının artdığını görürük. Artımın səbəbləri Azərbaycanda son illərdə onkoloji yardım işinin müasir standartlara uyğunlaşdırılması, xəstələrə bütün parametrlər üzrə onkoloji yardım göstərə bilmək imkanlarının genişləndirilməsi və insanların maariflənməsi nəticəsində xəstəliyin daha erkən aşkarlanmasıdır".

Onun sözlərinə görə, bu gün bütün dünyada xərçənglə mübarizə bir neçə istiqamətdə aparılır. Birinci istiqamət xəstə olmayan təbəqə arasında skrininqlərin aparılmasıdır.

Həkimin sözlərinə görə, qadınlar 35 yaşdan sonra mamaqrafiya olunmalı, yaxud mütəmadi olaraq 3-6 aydan bir ultrasəs müayinəsinə cəlb olunmalıdırlar: "Artıq bu tip prosedurlar dünyada çoxdan tətbiq edilir. Əvvəllər hesab edilirdi ki, xərçəngin erkən aşkarlanması dünyanı xilas edir. Sonra müəyyənləşdi ki, xəstəliyin erkən aşkarlanması deyil, xərçəngə tutulmayana qədər aparılan erkən müayinələr effektivdir. Zaman keçdikcə məlum oldu ki, xərçəngin yaranma tezliyini azaltmaq mümkün deyil".

S.Qurbanov bildirib ki, xərçəngə rast gəlmə tezliyi dünyanın ən inkişaf ölkələrində belə, əhalinin ölümünə səbəb olan xəstəliklər arasında ilk yerləri tutur. Buna qarşı mübarizənin aparılmasına baxmayaraq, xəstələnmə hallarını azaltmaq mümkün deyil: "Dərmanla müalicə olunduqdan sonra ömür uzansa da, sonda yenə də bu xəstəlikdən ölüm baş verir. Ona görə də bu xəstəliyin gen səviyyəsində öyrənilməsinə başlanıldı və müəyyən nəticələr əldə edildi".

Şöbə müdiri deyib ki, Azərbaycanda irsi amillər nəticəsində onkoloji xəstəliklərə tutulmaqdan ehtiyatlanan insanlar artıq bu xəstəliyə tutula bilib-bilməyəcəklərini əvvəlcədən, profilaktik məqsədlə yoxlaya bilərlər. Onkoloq ümid edir ki, bu yenilik ölkədə qadınların süd vəzisi xərçənginə tutulma sayının dəyişməsinə də əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Azərbaycanın baş onkoloqu Azad Kərimli isə Trend-ə bildirib ki, ötən il ərzində Azərbaycanda 1519 qadın süd vəzisi xərçənginə yoluxduğu üçün qeydiyyata götürülüb. Ümumilikdə 2013-cü il ərzində ölkədə süd vəzisi xərçəngindən əziyyət çəkən qadınların sayı 9043 nəfər olub. Həmin xəstələrin 4221-i 5 il və daha çox yaşayan xəstələrdir.

A.Kərimli hesab edir ki, Azərbaycanda ümumilikdə 34 681 onkoloji xəstə var.

Onun sözlərinə görə, onkoloji xəstələrin sayı artsa da, bu göstərici digər ölkələrdə müqayisədə aşağıdır: "Krımda 2 milyon əhali olsa da, 50 min nəfər onkoloji xəstə var. Çeçenistanın 1 milyona yaxın əhalisi var, ancaq 17 min onkoloji xəstəsi var. Azərbaycanın 9 350 000 nəfər əhasilinin 34 681 nəfəri onkoloji xəstədir. Burada ekoloji, qidalanma, reproduktiv faktorlar rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti