...

YAP-da "Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər" mövzusu müzakirə olunub

Cəmiyyət Materials 11 Aprel 2014 14:13 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının “Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda iclası keçirilib.
YAP-da "Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər" mövzusu müzakirə olunub

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının "Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər" mövzusunda iclası keçirilib.

Trend-in məlumatına görə, iclası giriş sözü ilə açan YAP İqtisadi məsələlər komissiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komissiyanın məqsədləri, ölkədə həyata keçirilər aqrar islahatlar barədə danışıb.

E.İbrahimov qeyd edib ki, komissiyanın 2014-cü il üçün təsdiq etdiyi iş planında əsas məsələ ərzaq təhlükəsizliyidir. E.İbrahimov bildirib ki, qeyri-neft sektorunun ən prioritet sahələrindən biri aqrar sahədir: "Aqrar sahənin ən prioritet mövzusu məhz ərzaq təhlükəsizliyidir. Azərbaycanda aqrar sahədə islahatlar hələ 1992-ci ildə ümummilli lider Heydər Əliyev Naxçıvanda olarkən başladı. Daha sonra sovxoz və kolxozlar ləğv edildi və aqrar islahatlar haqqında qanun qəbul olundu".

1996-cı ildə "Torpaq islahatları haqqında" qanunun qəbul edildiyini xatırladan E.İbrahimov həmin dövrdə aparılan islahatların bugünkü nəticələri barədə danışıb: "Bu qanun çox uğurla həyata keçirildi və qanunun qəbul edilməsindən sonra Azərbaycanın bütün regionlarında torpaqlar xüsusi mülkiyyətə verildi və bu gün də ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı məsullarının istehsalının 97-98 faizi məhz xüsusi mülkiyyət hesabına ödənilir".

E.İbrahimov vurğulayıb ki, bu gün ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı böyük işlər gedir: "Hələ 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən ərzaq təhlükəsizliyi ilə əlaqədar dövlət proqramı təsdiq olundu və bu dövlət proqramı çox uğurla həyata keçirildi. 2008-ci ildə isə cənab Prezident İlham Əliyevin qərarı ilə ərzaq təhlükəsizliyi ilə əlaqədar ikinci dövlət proqramı qəbul olundu".

Komissiya sədri əlavə edib ki, 2008-2015-ci illəri əhatə edən bu dövlət proqramında ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məsələr öz əksini tapıb və qarşıya qoyulan vəzifələr uğurla icra edilməkdədir: "Proqramda nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının istehsalı nəzərdə tutulan rəqəmlərdən də artıq yerinə yetiriləcək".

Daha sonra çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov müstəqillik illərində Azərbaycanda həyata keçirilən aqrar və torpaq islahatları, bu sahədə Azərbaycanda tətbiq edilən yeni texnologiyalar barədə məlumat verib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev də ötən illər ərzində kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar barədə danışıb. İ.Quliyev qeyd edib ki, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq Azərbaycan strateji ərzaq məhsulları ilə özünü təmin edə bilir.

Daha sonra çıxış edənlər də kənd təsərrüfatı sahəsində görülən işlərdən və inkişaf perspektivlərindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti