...

Azərbaycanda müsabiqə yolu ilə 154 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin olunub

Cəmiyyət Materials 18 Aprel 2014 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 4, 25 oktyabr və 5, 20 noyabr 2013-cü il tarixlərdə dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərində DQMK 99 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 2325-i qadın namizəd olmaqla 6406 namizəd qeydə alınıb. Qeydə alınmış 6406 namizədin ortalama 81,78%-ni gənclər təşkil edib.

Müsabiqənin test imtahanı mərhələsi 2013-cü il 3 dekabr - 2014-cü il 15 yanvar tarixlərdə keçirilib. Namizədlərdən 2156 nəfəri (bütün namizədlərin 33,66%-i) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 1374 nəfəri (bütün namizədlərin 21,45%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurub.

Test imtahanı mərhələsini uğurla başa vuran namizədlərdən:

- 373 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

- 746 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

- 255 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Müsabiqənin müsahibə mərhələsi 2013-cü il 23 dekabr - 2014-cü il 18 aprel tarixlərdə keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1183 namizəddən 120 nəfəri müsahibə mərhələsində iştirak etməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 396 nəfəri uğur qazanıb, 667-si isə vəzifəyə uyğun hesab edilməyib. Müsahibədən uğurla keçənlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Onlardan 154 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları Əmlak Məsələləri Dövlət Komitəsi (54 nəfər), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (32 nəfər), İqtisadiyyat və Sənaye Nazirliyi (21 nəfər) və Gənclər və İdman Nazirliyidir (20 nəfər).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti