Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda aqrar sahənin inkişafı üçün güzəştli kreditlərin verilməsi prosedurunun sadələşdirilməsi təklif olunur.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Heydər Əliyev və yeni cəmiyyət modeli" konfransına təqdim etdiyi məqalədə öz əksini tapıb.
E.İbrahimov hesab edir ki, güzəştli kreditlərin məbləği artırılmalı və faiz dərəcələri aşağı salınmalı, torpağın girov qoyulması məsələsi həll edilməlidir. Bununla yanaşı, kreditin verilməsi bir qədər sadələşdirilməlidir ki, bundan daha çox insan faydalana bilsin.
Komitə sədri qeyd edib ki, 2007-2012-ci illərdə Aqrokredit Agentliyi fermerlərə 77 milyon manat, Sahibkarlığa Kömək Milli Fondu isə 2011-ci ildən 2013-cü ilin ikinci yarısına qədər aqrar sahədə çalışanlara 375 milyon manat güzəştli kredit verib. Ümumilikdə indiyə kimi verilən güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəlib.