...

İçərişəhərdə məktəblilərin veloyürüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 14 May 2014 18:37 (UTC +04:00)
13-14 may tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “EkoSfera” Sosial Ekoloji Mərkəzi ilə birgə qoruq ərazisində aksiya - məktəblilərin veloyürüşü keçirilib.
İçərişəhərdə məktəblilərin veloyürüşü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

13-14 may tarixlərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "EkoSfera" Sosial Ekoloji Mərkəzi ilə birgə qoruq ərazisində aksiya - məktəblilərin veloyürüşü keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, aksiya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ukraynanın Vinnitsa və Moldovanın Bels şəhərləri ilə birlikdə icra etdiyi Avropa Komissiyasının "Şəhər Merlərinin Razılaşması" təşəbbüsünün "Enerjiyə qənaət üzrə fəaliyyət planının hazırlanması" layihəsi çərçivəsində keçirilib.

Son illər ərzində İçərişəhərdə və Qalada müxtəlif ekoloji layihələr, o cümlədən IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq) təşəbbüsünün dəstəklənməsi istiqamətində bir sıra addımlar atılıb. Ətraf mühitin mühafizəsi və bununla bağlı təbliğat dünya əhəmiyyətli dəyərlərdən biri kimi İdarənin fəaliyyətində xüsusi yer tutur.

Veloyürüşün keçirilməsində məqsəd məhz Bakının tarixi mərkəzi olan İçərişəhərin timsalında ekologiyann qorunması, enerjiyə qənaətlə yanaşılması, təmiz və əlçatan enerji xidmətləri, iqlim dəyişikliyi və bütün bunların nəticəsində daha sağlam ətraf mühitin yaradılmasının vacibliyinə bu dəfə uşaqların diqqətini cəlb etməkdən ibarətdir.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) və Avropa Komissiyasının dəstəyi ilə keçirilən aksiya çərçivəsində İçərişəhərin bir sıra küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, şagirdlərin iştirakı ilə velosiped və elektromobillərin turu keçirilib. Ekoloji aksiyada Bakı şəhərinin 6 saylı orta məktəb və Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdləri iştirak ediblər.

Tədbir çərçivəsində "EkoSfera"Sosial Ekoloji Mərkəzinin ekspertləri tərəfindən məktəblilərə ekologiyanın qorunmasının vacibliyi, enerjiyə qənaət, alternativ enerji mənbələrindən istifadə barədə ətraflı məlumat verilib. Aksiya müddətində EkoSfera" Sosial Ekoloji Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici vasitələr, bukletlər, posterlər paylanıb.

Tədbirin sonunda aksiya iştirakçılarına "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "EkoSfera"Sosial Ekoloji Mərkəzinin hədiyyələri paylanıb. Tədbir şagirdlərin, İçərişəhər sakinlərinin, turistlərin və ziyarətçilərin böyük marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti