...

Azərbaycanda balıq və digər su bioresurslarının artırılması və mühafizəsi fondu yaradıla bilər

Cəmiyyət Materials 30 May 2014 12:05 (UTC +04:00)
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
Azərbaycanda balıq və digər su bioresurslarının artırılması və mühafizəsi fondu yaradıla bilər

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda "Balıqçılıq haqqında" qanun layihəsinə dəyişikliklərin edilməsi müzakirə olunub.

Qanun layihəsi haqqında məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, sənəd Azərbaycanda balıqçılığın, o cümlədən akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresuralarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.

Balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Ərzaq və xammal kimi istifadə edilən, mühafizə olunan balıq və digər su bioresursları, onların məhsulları balıqçılıq obyektləridir.

Millət vəkilləri bildiriblər ki, 2012-ci ildə adam başına balıq istehsalı 5,5 kq təşkil etməklə hər nəfər nəfərə 7,1 kq balıq istehlak edilib ki, bunun da 28 faizi idxal hesabına ödənilib. İstehlak edilən 7,1 kq balıq və balıq məhsulları Azərbaycanda minimum istehlak səbəti normasından xeyli çox olsa da, ümumdünya səhiyyə təşkilatının mnüəyyən etdiyi 8,3 kq normadan azdır və onun 85 faizini təşkil edir.

Qeyd olunub ki, hazırda Xəzər dənizinin balıq ehtiyatlarından 5 Xəzəryanı dövlət istifadə edir. 1992-ci ildə bu dövlətlər tərəfindən Xəzər dənizinin Su bioloji resursları komissiyası yaradılıb və dənizin balıq ehtiyatlarından səmərəli istifadəyə dair müəyyən tədbirlər həyata keçirilir. Lakin Azərbaycan dənizə buraxılan körpə balıqların sayına və dənizdə balıq ovuna qoyulan kvotaya düzgün əməl etsə də, bəzi ölkələr dənizə verdiklərindən çox götürürlər. Bu da Xəzər dənizində balıq ehtiyatlarının, xüsusi və nadir və nəsli kəsilməkdə olan növlərin azalmasına səbəb olur və çox ciddi tədbirlərin görülməsini tələb edir.

Millət vəkilləri bildiriblər ki, Azərbaycanda özəl akvakultura təsərrüfatının yaradılmasına ehtiyac vardır. Həmçinin, balıq və digər su bioresursmlarının mühafizəsi məqsədi ilə balıq və digər su bioresurslarının artırılması və mühafizəsi fondunun yaradılması təklif olunub.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti