Azərbaycan, Bakı, 25 iyun /Trend/
Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramının yeni rəhbəri Tomas Meyer və GIZ-in uzun müddət Azərbaycanla bağlı layihələrini həyata keçirən nüfuzlu alim, professor Rolf Knipper ilə görüşüb.
Trend Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, GIZ ilə hüquqi sahədə səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, o cümlədən inzibati məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən seçimi, infrastrukturun müasirləşdirilməsi və İKT-lərin tətbiqi barədə məlumat verib.
Nazir həyata keçirilən tədbirlərdə GIZ-in fəal iştirak etdiyini, xüsusilə professor R.Knipperin xidmətlərini qeyd edib, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Ölkəmizlə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən qonaqlar respublikamızın dinamik iqtisadi tərəqqisini qeyd edib, Azərbaycanda məhkəmə-hüquq islahatlarının kompleks şəkildə həyata keçirilməsini təqdir edərək bu sahədə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını söyləyib, Ədliyyə Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndiriblər.
Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılmış, qanunvericiliyin təkmilləşdirilməsi, elektron məhkəmə, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, notariat institutunun inkişafı və digər maraq kəsb edən məsələlər müzakirə olunub.
Tədbirdə Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel də iştirak edib.