...

İranın Şərqi Azərbaycan əyalətində su və elektrik qıtlığı böhran vəziyyətinə çatıb

Cəmiyyət Materials 29 İyun 2014 10:00 (UTC +04:00)
İranın Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə bu əyalətdə su və elektrik qıtlığının böhran vəziyyətinə çatdığını elan edib və əyalətin Böhranın İdarəetmə Mərkəzinə göstəriş verib ki, vəziyyətin normallaşmasına nəzarət etsin.
İranın Şərqi Azərbaycan əyalətində su və elektrik qıtlığı böhran vəziyyətinə çatıb

Azərbaycan, Bakı,29 iyun /Trend müxbir T.Cəfərov/

İranın Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə bu əyalətdə su və elektrik qıtlığının böhran vəziyyətinə çatdığını elan edib və əyalətin Böhranın İdarəetmə Mərkəzinə göstəriş verib ki, vəziyyətin normallaşmasına nəzarət etsin.

Trend-in İRNA agentliyinə istinadən məlumatına görə, Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə şənbə günü Böhranın İdarəetmə Mərkəzinin iclasında deyib ki, Mərkəz əhalinin hamısını su və işıqla təmin etməlidir.

Şərqi Azərbaycan əyalətinin Böhranın İdarəetmə Mərkəzinin iclasında əyalət üzrə kəndlərdə 18 kubmetrdən və şəhərlərdə 20 kubmetrdən artıq istifadəçilərin suyu kəsilməsi və dövlət idarələrinin iş saatı azaldılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, bir neçə gün öncə İranın Su və Çirkab sular Təşkilatı, ölkənin bəzi şəhərlərində əhaliyə içməli suyun qrafiklə və normalar tətbiq etməklə verilməsinə başlandığını elan edib. Təşkilat ölkənin 12 böyük şəhərində əhaliyə içməli suyun təmini ilə bağlı vəziyyətin böhran həddinə çatdığını bildirib.

2013-cü ilin iyul ayının əvvəlində də İranın bir neçə şəhərində əhaliyə içməli suyun qrafiklə və normalar tətbiq etməklə verilməsinə başlanmışdı. Yay fəsli ilə əlaqədar Gilan, Hörmuzqan və Kirman əyalətlərinin bəzi şəhərlərində su qrafiklə verilirdi.

Qeyd edək ki, İran quraqlıq zonada yerləşir və ötən 40 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci ildə baş verən quraqlıq bu ölkənin əkinçilik sahəsinə böyük ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq olunub.

Sonuncu dəfə İranda 2008-ci ilin yay aylarından yeni quraqlıq dövrü başlayıb. Həmin vaxt bu ölkənin bəzi şəhər və kəndlərində içməli suya kvotalar tətbiq olunub.

İranda quraqlıq dövrü adətən 5-7 il arası olur. 2008-ci ildə başlayan quraqlığın bir neçə il davam edəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti