...

Yeni nəşrdə ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi təqdim edilir

Cəmiyyət Materials 15 İyul 2014 16:37 (UTC +04:00)
İyulun 15-də Beynəlxalq Mətbuat Mərkəzində aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu” adlı monoqrafiyasının təqdimatı oldu.
Yeni nəşrdə ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi təqdim edilir

Azərbaycan, Bakı, 15 iyul /Trend/

İyulun 15-də Beynəlxalq Mətbuat Mərkəzində aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun "Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu" adlı monoqrafiyasının təqdimatı oldu.

Trend AzərTAc-a istinadən xəbər verir ki, "Kaspi" qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ölkənin tanınmış alim və ziyalıları, kütləvi informasiya vasitələrinin rəhbərləri, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələri iştirak etdilər.

Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib. Məhz bu səbəbdən də kitabın ilk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illiyinin keçirilməsi haqqında" Sərəncamı verilmişdir.

Həsən bəy Zərdabinin Azərbaycanın ictimai-siyasi, mədəni həyatındakı əvəzsiz xidmətlərindən söz açan Ə.Amaşov dedi ki, onun kimi şəxsiyyətlər mənsub olduğu xalqa hörmət və şöhrət gətirir, onu dünyada tanıdır.

Vurğulandı ki, müəllifin illərlə apardığı tədqiqatlar nəticəsində ərsəyə gələn bu kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi geniş oxucu kütləsinə təqdim olunur. Müəllif bu şəcərədə adları əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların kəşməkəşli həyat yollarının tarixi şərhini verir, həmçinin bu nəslə mənsub insanların Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə, tarixinə verdikləri dəyərli töhfələrdən söz açır.

Tədbirdə kitabın müəllifi Eldəniz Həsənova "Kaspi" qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplom təqdim edildi.

Eldəniz Həsənov bu monoqrafiyanın hazırlanması və çapında ona yaxından kömək edən hər kəsə minnətdarlığını bildirərək dedi: "İki il bundan əvvəl "Kaspi" qəzetinin təsisçisi, Əməkdar Jurnalist Sona Vəliyeva mənə dedi ki, Siz Həsən bəy Zərdabi irsinin tədqiqatçılarındansınız, amma indiyədək mən bu böyük şəxsiyyətin anası haqqında geniş bir araşdırmaya rast gəlməmişəm. Bu məsələ məni daha geniş formada araşdırmalar aparmağa sövq etdi. Axtarışlarımı nəinki Azərbaycanda apardım, hətta bir sıra ölkələrdə, arxivlərdə davam etdirdim. Nəticədə belə bir əsərin oxuculara təqdim edilməsinə müvəffəq oldum".

Bildirildi ki, kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Jalə Əliyeva və fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, rəyçiləri tibb elmləri doktoru, akademik Böyükkişi Ağayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva, tarix elmləri doktoru, professor İsmayıl Məmmədov, coğrafiya elmləri doktoru, professor Bəhruz Şəkuridir. "Zərdabi LTD" MMC nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş bu kitabın redaktoru isə filologiya elmləri doktoru, professor İfrat Əliyevadır.

Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi, Əməkdar Jurnalist, kitabın rəyçilərindən olan Sona Vəliyeva bildirdi ki, zaman keçir, dövr dəyişir, amma Həsən bəy Zərdabi irsinə münasibət dəyişmir. Ona görə ki, xalqının, elinin-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona yol göstərən, millət fədaisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi kimi tanınan, "Əkinçi" qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatımızın bünövrəsini qoyan, bütövlükdə xalqının rifahı və tərəqqisi naminə ömrünün sonunadək mübarizə aparan belə bir insanın unudulması mümkünsüzdür.
Bu sahədəki axtarışların davam etdiriləcəyinə inamını ifadə edən S.Vəliyeva dedi ki, Həsən bəy Zərdabi irsi növbəti illərdə daha da geniş şəkildə oxuculara təqdim olunacaqdır.

Tədbirdə kitabın elmi redaktorları Jalə Əliyeva, İzzət Rüstəmov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, akademik Teymur Kərimov və başqaları çıxış edərək monoqrafiyanın nəşrini Zərdabi irsinə böyük hörmətin ifadəsi kimi qiymətləndirdilər.

Natiqlər vurğuladılar ki, on bir fəsildən ibarət, nadir fotoşəkillərin də yer aldığı 384 səhifəlik bu dəyərli kitab vasitəsilə hər bir qələm adamı Həsən bəy Zərdabini daha yaxından tanıyacaq və bu nəsil haqqında olduqca dolğun məlumatlar ələ edəcək.

Tədbirdə ədibin qardaşı nəvəsi Sara İsayeva Həsən bəy Zərdabi irsinə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti