Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verilib. Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Yeni salınmış məhəllə bütövlükdə 500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.
Həmin ərazidə ilkin mərhələdə 200 ailə üçün məhəllənin tkintisi başa çatdırılıb və Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərimizin yeni mənzillərə köçürülməsinə başlanılıb.
Ümumilikdə 10 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində də, digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən 220 yerlik məktəb binası da tikilib.
Yeni yaşayış məhəlləsi elektrik, qaz, su və müasir istilik sistemi ilə tam təchiz edilib.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,6 milyon kvadrat metr yaşayış sahəsindən, 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb və 42 min ailə və ya 210 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.