...

Rusiyalı tələbələr Azərbaycan ilə maraqla tanış olurlar

Cəmiyyət Materials 22 Avqust 2014 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Səba Ağayeva/

Bu günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələrindən ibarət böyük bir qrup Azərbaycandadır. Trend xəbər verir ki, bu barədə cümə günü "Rusiya Əməkdaşlığı" təşkilatının Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda deyilir.

Tələbələr Azərbaycana Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə gəliblər. Bu, tələbələrin Azərbaycana hər il artıq ənənə halını almış yeddinci səfəridir.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Rusiyanın Azərbaycandakı səfirliyində olublar və səfir Vladimir Doroxinlə görüşüblər. Onların əksəriyyətinin Rusiyanın müxtəlif nəşrləri ilə fəal əməkdaşlığını nəzərə alaraq söhbət açıq və hərtərəfli alınıb. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin vəziyyəti mövzusunda V.Doroxinin qısa giriş nitqi tez bir zamanda əsl müzakirələrə çevrilib. Tələbələri ən müxtəlif və açıq məsələlər maraqlandırırdı: məsələn, səfir Rusiya ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində münasibətlərin perspektivləri haqqında nə düşünür; rusiyalı diplomatlar Azərbaycanda necə yaşayır və çalışırlar; Azərbaycanda rus dili özünü necə hiss edir; Azərbaycan rəhbərliyinin siyasətinə xas olan tolerantlıq və multikulturalizm öz köklərini haradan götürür və başqa məsələlər.

V.Doroxin görüşdə bildirib ki, Azərbaycanda rusiyalı həmvətənlərin və rus dilinin vəziyyəti qanunla etibarlı şəkildə müdafiə olunur: "Mən sizlərə Azərbaycan dilini öyrənməyi, bu çox maraqlı ölkənin tarixi, iqtisadiyyatı və mədəniyyəti ilə məşğul olmağı tövsiyə edərdim".

Qeyd edək ki, nümayəndə heyətinin üzvlərinin seçimi böyük rəqabət əsasında (1 yerə 7 nəfər) keçirilib. Tələbələr sərbəst şəkildə ölkəşünaslıqla məşğul olur, tematik esselər hazırlayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti