...

Azərbaycanlılar Tbilisidə ermənilərin cavabını verdilər (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2014 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 11-12-də Tbilisidə "Cənubi Qafqazda din və etiqad azadlığı" mövzusunda beynəlxalq konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Niderland Xarici İşlər Nazirliyi, BMT-nin insan hüquqları üzrə ali komissarının ofisi və Azlıqların məsələləri üzrə Avropa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Cənubi Qafqazda vicdan azadlığı ilə bağlı mövcud vəziyyəti müzakirə etmək və dini icmalar arasında əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmaqdan ibarət olub. Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan müvafiq dövlət qurumlarının nümayəndələri və müxtəlif dini konfessiyaların təmsilçiləri iştirak ediblər. Konfransa Azərbaycandandan Prezident Administrasiyasının, Ombudsman Aparatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də ölkədə fəaliyyət göstərən əksər dini konfessiyaların nümayəndələrindən ibarət heyət qatılıb.

Nümayəndə heyəti konfransdan öncə ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində olub.

Tədbirin birinci günü Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullah, Azərbaycan Avropa Yəhudiləri dini icmasının ravvini Şneor Seqal Azərbaycanda mövcud dini vəziyyət, dövlətin dini icmalara qayğısı, ölkəmizin tolerantlıq ənənələri, dini konfessiyalar arasında əməkdaşlıq mühiti barədə çıxış ediblər.

Konfransın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Alban-Udin dini icmasının sədri Robert Mobili, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Mifodi, "Həyat sözü" dini icmasının müavini Elçin Paşayev, QMİ-nin şöbə müdiri Zülfüqar Fərzəliyev sadalanan mövzularda məruzə ediblər.

Dövlət Komitəsinin sədr müavini G.İsmayılov təqdimat zamanı ölkəmizdə dini durumla bağlı ümumi mənzərə, Azərbaycanda din-dövlət münasibətləri sahəsində qanunvericilik, ölkəmizin din siyasəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmaların fəaliyyətinin istiqamətləndirilməsi və onlara yardım göstərilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

G.İsmayılovun Azərbaycan torpaqlarının işğalı nəticəsində dini abidələrimizin dağıdılması və insan hüquqlarının pozulması barədə Azərbaycan həqiqətlərini konfrans iştirakçılarına çatdırması erməni nümayəndə heyətini qıcıqlandırıb. Onların Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdəki tolerantlıq barədə məlumatların guya şişirdilməsi fikirlərinə sədr müavini G.İsmayılov cavab verərək bildirib ki, onun özü 10 yaşında ikən Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlib və hazırda yaşadığı bu şəhərdə azərbaycanlılarla bərabər ermənilər də yaşayır, Bakının mərkəzindəki erməni kilsəsi isə dövlət tərəfindən bərpa edilib. O, erməni iştirakçılara ritorik sual ünvanlayıb: "Ermənistanda bir nəfər də olsun azərbaycanlı və ya bir dənə Azərbaycan məscidi varmı?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti