...

YAP Gənclər Birliyinim "Qəhrəmanlıq salnaməsi" layihəsi başa çatıb (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2014 16:24 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində “Qəhrəmanlıq salnaməsi” layihəsinə yekun vurulub.
YAP Gənclər Birliyinim "Qəhrəmanlıq salnaməsi" layihəsi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində "Qəhrəmanlıq salnaməsi" layihəsinə yekun vurulub.

Birlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihə barədə məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəmanlarımızın yeni nəsil gənclərə tanıdılmasıdır: "Layihənin həyata keçirilməsi göstərdi ki, müasir gənclik tam vətənpərvər bir ruhda böyüyür. Bu gündə ərazilərimizin 20 faizi ən böyük düşmənimiz olan Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Buna baxmayaraq, Azərbaycanın həyata keçirdiyi xarici siyasət nəticəsində bu ölkənin iqtisadi vəziyyəti iflic vəziyyətinə düşüb, vətəndaşları xarici ölkələrə üz tutur. Biz bu siyasəti davam etdirməli və torpaqlarımızı işğaldan azad etməliyik".

Layihə rəhbəri Vüsalə Hüseynova isə çıxışı zamanı qeyd edib ki, layihənin əsas məqsədi gənclərdə vətənpərlik ruhunun yüksədilməsidir.

Layihənin hər bir vətəndaş üçün dəyərli və müqəddəs mövzuya həsr olunuduğunu deyən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, layihə Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, tariximizdə qəhrəmanların rolu barədə ictimaiyyətə dolğun məlumat verilməsi baxımından çox əhəmiyyətlidir: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi milli mənəvi dəyərlərin qorunması ilə bağlı silsilə layihələr reallaşdırıb. Hesab edirəm ki, bu layihədə toxunulan mövzu hər bir gənc üçün çox əhəmiyyətlidir. Azərbaycanın Milli qəhrəmanları ölkəmizin milli salnaməsini yaradan vətəndaşlarıdır. Onlar hər bir Azərbaycan vətəndaşı üçün fəxrdir. Hesab edirəm ki, hər birimiz onların həyatını dərindən öyrənməliyik. Milli Qəhrəman Mübariz İbrahimovun düşmənlə təmas xəttini keçərək çoxsaylı düşmən əsgərlərini qətlə yetirərək şəhid olması sübut edir ki, Azərbaycan gəncləri milli vətənpərvərlik ruhunda böyüyür. Hesab edirəm ki, ordumuzun güclənməsi üçün hər bir ölkə vətəndaşı böyük səylə çalışmalıdır. Ümummilli lider Heydər Əlyevin yaratdığı partiyanın üzvü olmaq siz gənclər üçün böyük bir fəxrdir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib".

V.Rəhimzadə bildirib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında güclü ordu formalaşdırılıb: "Cəbhədə baş verən son erməni təxribatı və düşmənə layiqli cavabın verilməsi ordumuzun gücünü ortaya qoymaqla yanaşı, vətəndaşlarımız arasında vətənpərvərliyin çox yüksək səviyyədə olduğunu göstərdi. Məhz güclü ordumuzun olması ölkə sərhədlərinin təhlükəsizliyindən böyük əminlik yaradır. Bu gün Azərbaycan öz ordusunu NATO standartlarına uyğun şəkildə formalaşdırır".

Daha sonra layihənin yekunlarına həsr olunmuş videoçarxın təqdimatı olub.

Qeyd edək ki, "Qəhrəmanlıq salnaməsi" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib və layihədə iştirak edən fəal gənclərə sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti