Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bilik Günü səhər saatlarında Bakı Metropolitenində sərnişinlərin sıxlığı müşahidə olunub. Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı Metropolitenində sərnişinlərin sayının artacağı gözlənilən idi: "Çünki artıq bir neçə ildir ki, bu hal təcrübədə müşahidə olunur. Bu gün də səhər saatlarından etibarən Bakı Metropolitenində sərnişinlərin sıxlığı müşahidə olunub ki, bu da normaldır. Ona görə də sentyabrın 15-dən etibarən qatarlar artıq qış qrafikində hərəkət edir. Qış qrafikində xəttə 30 qatar buraxılır, qatarlar arasındakı intervallar 1,5-2,5 dəqiqə arasınadək azaldılıb. Hazırda sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bütün əməkdaşlar səfərbər olunub. Gün ərzində hər hansı xoşagəlməz hal qeydə alınmayıb".
N.Paşayev həmçinin qeyd edib ki, Bakı Metropoliteni rəhbərliyinin göstərişi ilə stansiyalarda tələbə şagirdləri təbrik elanları asılıb, onlara yeni tədris ilində uğurlar arzulanıb.