...

SEBA Assosiasiyası və Koreya Fondu arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2014 17:21 (UTC +04:00)
Bu gün SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə Koreya Fondu arasında mədəni əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
SEBA Assosiasiyası və Koreya Fondu arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə Koreya Fondu arasında mədəni əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Trend xəbər verir ki, memorandumu SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova və Koreya Fondunun prezidenti Dr. Yu Hyun-seok imzalayıblar.

İmzalanma mərasimindən sonra çıxış edən R.Heydərova Azərbaycan-Koreya əlaqələrinin gündən-günə inkişaf etdiyini bildirib.

O, qeyd edib ki, Azərbaycanın Koreya dövləti ilə diplomatik əlaqələri 1992-ci ildə qurulub. Bu əlaqələr ulu öndər Heydər Əliyev tərəfindən möhkəmləndirilib, hazırda isə Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir. Bundan əlavə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın rəhbərliyi altında iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir.

SEBA-nın sədri 2004-cü ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan SEBA Assosiasiyasının Azərbaycan və Koreya arasında mədəni əlaqələrin inkişafında yaxından iştirak etdiyini, Assosiasiya tərəfindən keçirilmiş mədəniyyət və kino günlərinin, sərgi, konsert, elmi simpoziumların, aztəminatlı və qaçqın ailələr üçün ictimai tibbi xidmətin təşkilinin, aparılan arxeoloji qazıntıların, eləcə də Şərq Təbabət Klinikasının açılışının buna bariz nümunə olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, SEBA Assosiasiyası fəaliyyətinin müxtəlif dövrlərində həm Koreyanın Bakıdakı səfirliyi, həm də Azərbaycanın Seuldakı səfirliyi tərəfindən dəstəklənib: "Ümid edirəm ki, bu gün imzalanan anlaşma da iki dövlət arasında əlaqələrin, xalqlar arasında dostluğun möhkəmlənməsinə dəstək olacaq".

Koreya Fondunun prezidenti Yu Hyun-seok isə deyib ki, Assosiasiya və Fond arasındakı sıx əməkdaşlıq iki ölkəniin insanlarını və mədəniyyətini birləşdirmək üçün mühüm körpü rolunu oynayacaq: "Azərbaycan və Koreya insanlarının bir-birini daha dərindən anlamasını inkişaf etdirmək üçün ikitərəfli mədəni əlaqələri təkmilləşdirməyin və gücləndirməyin, mədəniyyət mübadiləsinin qarşılıqlı artırılmasının vaxtı gəlib çatıb. Ümid edirəm ki, bu sənədin imzalanması ilə iki ölkə arasında qarşılıqlı əlaqələr daha da genişlənəcək".

İmzalanma mərasimində Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov və Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in də iştirak ediblər.

Qeyd edək ki, 1991-ci ildə yaradılan və Koreya Xarici İşlər Nazirliyinin bir bölməsi olan Koreya Fondu Koreyanın ən önəmli ictimai diplomatik təşkilatlarından biridir. Fond mədəni, intellektual, elmi mübadilələr də daxil olmaqla, müxtəlif mübadilə proqramları vasitəsilə dünya əhalisi ilə dostlaşmağa səy göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti