...

Nərgiz Paşayeva: Aida İmanquliyeva nadir və parlaq insan idi (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2014 23:15 (UTC +04:00)
ÜNS Yaradıcılıq Səhnəsində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Nərgiz Paşayeva: Aida İmanquliyeva nadir və parlaq insan idi (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

ÜNS Yaradıcılıq Səhnəsində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva, Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Alesandr Borisoviç Kudelin, Misirin Ayn Şəms Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Tarik Çələbi, Türkiyə Texniki Universitetinin professoru Sait Özervarlı, Türkiyənin Memar Sinan Universitetinin professoru Tanju Seyhan və digər alimlər, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Xatriə gecəsində çıxış edən professor Nərgiz Paşayevanın sözlərinə görə, əzəldən dünya elə yaranıb ki, ömür insana məxsus olur, amma həyat insana məxsus deyil: "Ömür anidir, keçicidir, bəlkə də fanidir, həyat isə daimidir, əbədidir. Ömrü ölçə bilən meyarlar var - saatlar, günlər, aylar, illər var. Ömür bir nəfərə - təkə bağlıdır, həyat isə külli-bəşəriyyətə, cəmə bağlıdır. Ömür aydındır, cünki ömrün əvvəli də var, sonu da. Amma həyat aydın deyil. Çünki həyatın nə əvvəlini bilən var, nə də sonunu. Bu, həmişə belə olub və belə də olacaq. Çünki ömür konkret, həyat isə abstraktdır. Yaranan nə varsa, bu iki vəhdətin qanunu arasında yaşayır. Elə insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da, həyatı davam edir. Biz onları görmürük, səsini eşitmirik, amma qəlbimiz onlarla danışır. Gözlərimiz onları görmür, amma onların siması, cizgiləri, surəti daim canımızda, qanımızda, ürəyimizdədir və o surət bizi hec vaxt tərk etmir".

Nərgiz Paşayeva qeyd edib ki, insanlar qəribə bir qanuna bağlıdırlar: "Adətən, insan həyatdan köçdükdə yerdə qalanlar onun gözlərini bağlayırlar. Ancaq sirr ondadır ki, qalanların, dirilərin gözünü çox vaxt həyata həyatdan köçənlər açır. Çünki çaları, səmti, yolu, istiqaməti, rəngi dəyişə bilən ömrün yolları insanı həm ucalda bilər, həm də kiçildə bilər. Əlbəttə, ucalan insanlar ətraflarına, qohumlarına, valideynlərinə, müəllimlərinə həmişə şərəf hissi gətirirlər. Amma gəlin onu da etiraf edək ki, ucalan yolla gedən hər kəs bu ucalığa yazılmış və yazılmamış qanunları pozmadan nail olmaq hünərinə malik olur".

Nərgiz Paşayeva deyib ki, 75 yaşı tamam olan Aida xanım məhz belə hünərə malik insanlardan biri idi: "O doğrudan da parlaq və nadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. O, sözün əsl mənasında nadir və parlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O doğrudan da göründüyü qədər təbiətən gözəl idi. O, goründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti azaltmayıb. Çünki Anaya olan həsrəti heç bir zaman azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun zaman azalda bilməz. Sevimli insana olan həsrəti ən böyük zaman azalda bilməz".

Tədbir görkəmli alimin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə davam edib. Filmdə bütün ömrünü şərq mədəniyyətinə və ədəbiyyatının öyrənilməsinə, onun istedadlı nümayəndələrinin ədəbi irsinin təbliğinə həsr etmiş alimin işıqlı obrazı əksini tapır.

Görkəmli jurnalist Nəsir İmanquliyevin ailəsində dünyaya göz açmış Aida xanım çoxsaylı elmi əsərlərin müəllifi olmaqla yanaşı, həm də fədakar müəllim və qayğıkeş ana idi. Filmdə müxtəlif ölkələrin alimlərinin görkəmli alimlə bağlı xatirələri, Azərbaycan şərqşünaslıq məktəbinin istedadlı nümayəndəsi kimi beynəlxalq elmi tədbirlərdəki çıxışları ilə bağlı fikirləri yer alıb.

Ekran işində Aida İmanquliyevanın yaşadığı dövrün elmi mühiti, sənət mənzərəsi ilə bağlı məlumatlar çatdırılır.

Tədbir ötən əsrin 60-cı illərinin musiqiləri ilə davam edib. Bu nəğmələri "ÜNS" teatrının solistləri, "Bakı" musiqili tamaşasının iştirakçıları təqdim etdi. Gecə böyük rəğbətlə qarşılandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti