Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/
ATƏT və İsveçrənin təşkilatdakı sədrliyi insan alverinə qarşı mübarizəyə dair növbəti yüksək səviyyəli konfrans keçirəcək.
Trend-in ATƏT-in saytına istinadən verdiyi məlumata görə, "İnsan alverinə qarşı 14-cü Alyans" adlı konfrans noyabrın 4-5-də Vyanada baş tutacaq.
Konfrans iştirakçıları ATƏT-ə üzv ölkələr, özəl sektor, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və digərləri insan alverinə məruz qalan şəxslərin məhsul istehsalı və xidmət sahəsində istismarı hallarının qarşısının alınmasında nə kimi tədbirlər həyata keçirilə biləcəyini araşdıracaq və müzakirə edəcəklər.
Konfransda ATƏT-in Daimi Şurasının sədri Tomas Qreminger, ATƏT-in baş katibi Lamberto Zannier, MDB İcraiyyə Komitəsi sədrinin müavini Vladimir Qarkun, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Lesi Svinq, ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Mədinə Yarbussinova və digərləri çıxış edəcəklər.
Tədbir iştirakçılarına BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Raad əl-Hüseynin videomüraciəti nümayiş olunacaq.