Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakının meteoroloji şəraiti nəzərə alınmaqla paytaxtın bəzi yollarında sürət həddi dəyişdirilir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, paytaxtda dumanlı, çiskinli və yağmurlu hava şəraitinin hökm sürdüyünü nəzərə alaraq, yollarda təhlükəsizliyin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Böyük Şor dairəsinə, yəni metronun "Koroğlu" stansiyasının yaxınlığına qədər olan hissəsində, eləcə də Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki beton yolda avtomobillərin hərəkət sürətini göstərən elektron tabloların göstəricilərində dəyişikliklər edilib.
P.Mürsəliyev qeyd edib ki, elektron tablolarda zolaqlar üzrə göstərilən bütün sürət hədləri 20 km/saat azaldılıb: "Belə ki, adıçəkilən yollarda tablolarda göstərilən zolaqlar üzrə 120 km/saat sürət həddi 100 km/s-a, 100km/s 80 km/s-a, 80 km/s isə 60 km/s-a endirilib. Bu, dəyişiklik hava şəraiti ilə bağlıdır. Hava düzələn kimi həmin sürət hədləri yenidən dəyişdirilərək əvvəli səviyyəsinə qaytarılacaq".