23 dekabr bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında partiyanı təmsil edən müşahidəçilərlə görüş keçirilib.
Tədbirdə YAP Gəncə şəhər təşkilatı İdeoloji şöbənin müdiri, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Budaqov, Təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, təlimatçılar və müşahidəçilər iştirak ediblər.
Tədbiri İdeoloji şöbənin müdiri H.Budaqov açaraq qarşıdan gələn bələdiyyə seçkilərindən, seçkilərlə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. "Rifah və Quruculuq naminə" şüarı ilə həyata keçirilən bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla başa çatmasını, qalan vaxt ərzində partiyanın qələbəsi üçün görüləcək zəruri tədbirləri xüsusi vurğulayıb.
O bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz və doğma Gəncəmiz gündən-günə inkişaf edir. Seçicilərimiz də məhz bu inkişafa, sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər.
Təşkilat şöbəsinin müdiri İ.İsmayılov Yeni Azərbaycan Partiyasını təmsil edən müşahidəçilərə Azərbaycan Respublikasının Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət etməli olduqları şərtlər barədə məlumat verib.
Tədbir maraqlı diskussiya şəraitində keçib, müşahidəçiləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonda müşahidəçilərə yaddaş kitabçaları və Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə bağlı hazırladığı bukletlər təqdim olunub.