Rus xəbərlər xidməti
Azad Həsənli - Trend:
Dünyanın bir sıra ölkələrindəki qeyri-sabit iqtisadi vəziyyət həmin ölkələrin vətəndaşlarını daha etibarlı əmək bazarı axtarmağa vadar edir ki, belə bazarlardan biri də Azərbaycandır.
Nümunə üçün çox uzağa getmək lazım deyil: Rusiyanın pisləşən iqtisadi vəziyyəti və onun bir sıra MDB və Şərqi Avropa ölkələrinə təsiri, Ukraynada başa çatmaq bilməyən münaqişə və digər problemlər insanları böhranın nə vaxt onları iş yerlərindən məhrum etməyi gözləməməyə, özünün və ailəsinin rifahını təmin etmək üçün yeni iş yerləri axtarmağa məcbur edir.
Yuxarıda sadalanan amillər Azərbaycana sabit və getdikcə artan əmək bazarına malik ölkə kimi baxmağa səbəb olur. Yalnız bu məqsədlə ötən il Dövlət Miqrasiya Xidmətinə 20 minə yaxın şəxs müraciət edib, bununla belə əcnəbi vətəndaşlar üçün ötən il kvota cəmi 12 min nəfər təşkil edib.
Azərbaycan sürətlə inkişaf etməkdə davam edir: yeni müəssisələr yaradılır, iri regional layihələr həyata keçirilir, yüksək texnologiyalar sənayesinə xüsusi diqqət ayrılır. Buna nümunələrdən biri kimi kosmik sənayenin inkişafını, xüsusilə Azərbaycan peyklərinin buraxılmasını göstərmək olar.
Təbii ki, belə layihələr yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir ki, hökumət onların sayəsində prosesləri sürətləndirir. Bu, eyni zamanda, yerli işçilərin ixtisasının artırılmasına kömək edir. Çünki onlar əcnəbi mütəxəssislərdən təcrübə öyrənə bilərlər və bunun sayəsində gələcəkdə əcnəbi işçi qüvvəsinin cəlb edilməsi zəruriliyi aradan qalxır.
Buna misal kimi BP şirkətinin Azərbaycandakı ofisini göstərmək olar. Orada əcnəbi və yerli işçilər arasındakı nisbət ildən-ilə sonuncuların xeyrinə dəyişir. Hazırda Britaniya şirkətinin əməkdaşlarının 85 faizindən çoxunu yerli kadrlar təşkil edir. 2018-ci ilədək onların payı 90 faizədək artacaq. Bunların hamısı əvvəlcədən imzalanmış sənədlər əsasında həyata keçirilir.
Ümumilikdə, Azərbaycan hökumətinin miqrasiya siyasəti yerli əmək bazarında ixtisası olmayan əcnəbi işçilərin iştirakını kənarlaşdırmaq və iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yerli əmək resurslarından səmərəli istifadəyə hədəflənib.
Bu yaxınlarda Prezident İlham Əliyev ixtisaslı əcnəbi mütəxəssislərin işə cəlb edilməsi mexanizminin yaradılması haqqında göstəriş verib. Bundan başqa, bir müddət öncə Nazirlər Kabineti əcnəbi vətəndaşların icazə almaq zərurəti olmadan 90 gün müddətində işləmək hüququ əldə edə biləcək sahələri açıqlayıb.
Belə tədbirlər hökumətin əcnəbilərin Azərbaycanda işləmək hüququnu təmin etməkdən ötrü məhz artan tələbə qarşılıq verməsi ilə bağlı haldır.
Azərbaycan iqtisadiyyatının dünyada cərəyan edən mənfi proseslərə davamlılığını "Moody's", "Fitch Ratings" və "Standart & Poor's" kimi beynəlxalq reytinq şirkətləri təsdiqləyirlər. Hətta böhran şəraitlərində Azərbaycan üzrə proqnozlar daim müsbət və sabit olub. Hələ 2008-ci ildəki qlobal böhran dövründə Azərbaycanın iqtisadi modeli sübut etdi ki, böhranlara qarşı durmağa qadirdir. Və indi, Rusiyada vəziyyətin qonşularına, məsələn, Ermənistana mənfi təsir etdiyi vaxtda ölkə iqtisadiyyatı sabit və xarici çağırışlara davamlı, müvafiq olaraq əmək bazarı cəlbedici olmaqda davam edir.