...

Seymur Həziyevə 5 illik həbs cəzası

Cəmiyyət Materials 29 Yanvar 2015 17:45 (UTC +04:00)
Bu gün Abşeron Rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həziyevin və Məhərrəm Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Seymur Həziyevə 5 illik həbs cəzası

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Abşeron Rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həziyevin və Məhərrəm Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, məhkəmənin hökmünə əsasən S.Həziyev 5 il, M.Həsənov isə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror S.Həziyevin 6 il, M.Həsənovun isə 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Abşeron rayon Polis Şöbəsi və Prokurorluğunun birgə yaydığı məlumata görə, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində S.Həziyevlə Bakı şəhər sakini M.Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S.Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla həmçinin M.Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, S.Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

M.Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti