...

Azərbaycanda dərmandan zəhərlənmələr kimyəvi zəhərlənmələr sırasında ilk yeri tutur

Cəmiyyət Materials 4 Fevral 2015 16:54 (UTC +04:00)
Azərbaycanda dərmandan zəhərlənmələr kimyəvi zəhərlənmələr sırasında ilk yeri tutur.
Azərbaycanda dərmandan zəhərlənmələr kimyəvi zəhərlənmələr sırasında ilk yeri tutur

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda dərmandan zəhərlənmələr kimyəvi zəhərlənmələr sırasında ilk yeri tutur. Bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, ötən il kimyəvi zəhərlənməyə məruz qalmış 2435 xəstənin (bu göstərisi 2013-cü ildə 2444, 2012-ci ildə 2691 olub) 34,7 faizi (844 nəfər) dərmanlardan zəhərlənib. Onların əksəriyyəti sakitləşdirici, əsəbə və soyuqlamaya qarşı preparatlardan zəhərləniblər. Dərmana qarşı allergiya və əlavə təsirlər nəticəsində zəhərlənənlər isə bütün zəhərlənmələrin 11,5 faizini təşkil edib.

İ.Əfəndiyev bildirib ki, ötən il zəhərlənənlərin 3,1 faizi narkotik maddələrdən, 4,4 faizi pestisidlərdən, 5,9 faizi (o cümlədən 3 xəstə alkoqol surroqatı) spirtlərdən, 14,7 faizi həlledicilərdən, 12,2 faizi yandırıcı məhlullardan zəhərlənib.

Yandırıcı məhlullarla zəhərlənmələrin çoxu sirkə turşusunun qəbulundan baş verib. Ötən il 221 nəfər sirkə turşusundan zəhərlənib.

Onun sözlərinə görə, ötən il ağır metallarla zəhərlənmə qeydə alınmayıb. Ötən il zəhərli göbələklərlə zəhərlənməyə görə Kliniki Tibbi Mərkəzə 19, ilan sancmalarına görə 91, əqrəb sancmalarına görə 2, qaraqurd hörümçəyinin sancmasına görə 10 xəstə daxil olub.

İ.Əfəndiyev bildirib ki, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 421 nəfəri 14 yaşadək olan uşaqlardır. Zəhərlənənlər arasında 15-19 yaşlı insanların sayı 284 nəfər, 20-29 yaşlı insanların sayı 701 nəfər, 30-39 yaşlı insanların sayı 445, 40-49 yaşlı insanların sayı 261, 50-59 yaşlı insanların sayı 182, 60-69 yaşlı insanların sayı 89, 70 yaşdan yuxarı olan insanların sayı isə 52 nəfərdir. Zəhərlənmə nəticəsində ötən il 49 nəfər dünyasını dəyişib. Bu da bütün zəhərlənənlərin 2,1 faizini təşkil edir: "Uşaqlar istisna olmaqla, zəhərlənənlərin əksəriyyəti bunu bilərəkdən, özünəqəsd məqsədilə edir. Ölümlə nəticələnən zəhərlənmələrin əksəriyyəti sirkə turşusunun qəbulundan olan zəhərlənmələrdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti