...

Azərbaycanda bütün şagirdlərin I sinfə qəbulu elektron formada ola bilər

Cəmiyyət Materials 11 Fevral 2015 14:47 (UTC +04:00)
Paytaxtda I sinif şagirdlərinin qəbulunun elektron formada aparılmasının nəticələri təhlil edildikdən sonra onun respublika üzrə tətbiq edilməsi barədə qərar qəbul ediləcək.
Azərbaycanda bütün şagirdlərin I sinfə qəbulu elektron formada ola bilər

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlhamə İsabaıayeva/

Paytaxtda I sinif şagirdlərinin qəbulunun elektron formada aparılmasının nəticələri təhlil edildikdən sonra onun respublika üzrə tətbiq edilməsi barədə qərar qəbul ediləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.

Nazir müavini qeyd edib ki, 2015-2016-cı tədris illəri üçün Bakı şəhərində ümümtəhsil müəssisələrinə I sinif şagirdlərinin qəbulunun elektron formada aparılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə aparılan işlər tamamlanmaq üzrədir: "Hesab edirəm ki, fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey, gimnaziya tipli müəssisələrə qəbul üzrə ictimaiyyətə geniş açıqlama veriləcək. Fevral ayının sonuna kimi bu məlumatların veriləcəyi gözlənilir".

C.Bayramov deyib ki, lisey, gimnaziya tipli bir sıra təhsil müəssisələri öz nizamnamələrinə uyğun olaraq, I sinfə qəbulu seçim əsasında aparırlar. Digər ümumi təhsil müəssisələri isə I sinfə qəbulu ümumi əsaslarla həyata keçirirlər: "Təbii ki, həmin o forma olduğu kimi qalacaq. Yalnız qeydiyyatın forması və sənədlərin təqdim edilməsi elektron formada aparılacaq".

C.Bayramov əlavə edib ki, təhsil sistemi böyük olduğundan yeniliyi bütün ölkədə eyni vaxtda etmək mümkün olmur. O, Bakı şəhərində I sinfə qəbulun elektron formada aparılmasını pilot layihə kimi qəbul edilməsini də vacib sayıb: "Bakıdakı bu prosesi bir pilot layihə kimi qəbul etməliyik. Biz bu prosesin nəticəsində görəcəyik ki, hansı müsbət nəticələr əldə etdik. Ola bilsin ki, bu prosesin təkmilləşməsinə ehtiyac var".

C.Bayramov qeyd edib ki, prosesin tam özünü doğrultduğuna əmin olduqdan sonra Təhsil Nazirliyi bunun daha geniş tətbiqini həyata keçirəcək: "I sinfə qəbulun elektron formada aparılmasına doğru gedilməlidir. Ancaq bu, bir günə baş tutan proses deyil. Buna addım-addım gedilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti