...

Xocalıda şəhid olmuş polis əməkdaşlarının anım mərasimi keçirilib

Cəmiyyət Materials 24 Fevral 2015 17:42 (UTC +04:00)
Bu gün Daxili İşlər Nazirliyində (DİN) Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.
Xocalıda şəhid olmuş polis əməkdaşlarının anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlkin İzzət/

Bu gün Daxili İşlər Nazirliyində (DİN) Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib ki, öz tarixinin müxtəlif mərhələlərində erməni millətçilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 23 il əvvəl Xocalıda üzləşdi. Nazir müavini vurğulayıb ki, yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində dinc əhalimizə qarşı törədilən soyqırıma obyektiv hüquqi-siyasi qiymət verildi, Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan olundu, 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Prezident sərəncamı imzalandı.

Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış xocalıların, eləcə də ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu deyən polis general-leytenantı O.Zalov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, işğaldan sonra bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir. Qeyd olunub ki, illər keçməsinə baxmayaraq, min bir işgəncə ilə qətlə yetirilmiş soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi anılır və dünya ictimaiyyəti Xatın, Sonqmi kimi bəşəri cinayətlər sırasında yer alan Xocalı faciəsini yad edərək Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir və millətçilərin törətdikləri bədnam əməlləri pisləyir.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılmasını, beynəlxalq aləmin məlumatlandırılmasını, torpaqlarımızın işğal faktı və Xocalı soyqırımı ilə bağlı dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimizin həmrəyliyini diqqətə çatdıran nazir müavini O.Zalov vurğulayıb ki, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa olunub və dünya ictimai fikri Xocalı qətliamını soyqırım kimi qəbul etməyə başlayır. O, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şəhid ailələri adından danışan Tacirə Xəlilova, Şamilə Məmmədova və Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Nazir müavini O.Zalov bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, ölkəmizin dünyada gedən mühüm proseslərlə bağlı öz prinsipial mövqeyini ortaya qoyduğunu, iqtisadi potensialımızın, siyasi və hərbi qüdrətimizin durmadan artdığını, ordumuzun hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu xatırladaraq dövlətimizin öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti