...

Etik davranış qaydalarını pozan dövlət qulluqçularından şikayət var

Cəmiyyət Materials 26 Fevral 2015 15:19 (UTC +04:00)
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2014-cü il ərzində Komissiyaya dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı 34 müraciət daxil olub.
Etik davranış qaydalarını pozan dövlət qulluqçularından şikayət var

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2014-cü il ərzində Komissiyaya dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı 34 müraciət daxil olub. Müraciətlərdən 6-sı Komissiyanın "Qaynar xətt"i vasitəsilə edilib.

Komissiyadan Trend-ə bildiriblər ki, müraciətlərdən 11-i xüsusi növ dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının fəaliyyəti ilə bağlı olduğu üçün aidiyyəti üzrə baxılması məqsədilə həmin dövlət orqanlarına göndərilib, 1-i isə məhkəmə icraatında olduğu üçün baxılmayıb.

Daxil olmuş 22 müraciətdən 5-i mərkəzi icra hakimiyyəti, 16-sı yerli icra hakimiyyəti orqanı və 1-i məhkəmə orqanlarında qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı olub. Qeyd edilən 22 müraciətdə etik qaydalarla bağlı 28 pozuntunun olduğu qeyd edilib. Həmin müraciətlərdə 13 halda "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun 8-ci maddəsinin (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət), 9 halda 9-cu maddəsinin (Mədəni davranış), 3 halda 12-ci maddəsinin (Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi), 2 halda 17-ci maddəsinin (Məlumatlardan istifadə), 1 halda 6-cı maddəsinin (Loyallıq) və 1 halda 7-ci maddəsinin (İctimai etimad) tələblərinin pozulması qeyd olunub: "Həmin müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılıb və nəticədə onlardan 14-nün əsassız, 8-nin isə əsaslı olduğu müəyyən olunub. Əsaslı müraciətlərdən 7-si müsbət həll olunub. Müsbət həll olunan müraciətlərdən 3-ü mərkəzi icra hakimiyyəti orqanlarında, 4-ü yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları ilə bağlı olub".

Müsbət həll edilmiş müraciətlərin baxılması nəticəsində etik davranış qaydalarına dair qanunvericiliyin tələblərinin pozulması ilə qarşılaşmış vətəndaşlar müvafiq dövlət orqanlarına dəvət edilib, vəzifəli şəxslər tərəfindən dinlənilib və müraciətlərində qaldırdıqları məsələlər üzrə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

İl ərzində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun müddəalarının tələblərini pozan 343 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 253-ü mərkəzi icra hakimiyyəti orqanlarında, 90-ı isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 343 intizam tənbeh tədbirindən 319-u töhmət, 10-u vəzifə maaşının azadılması, 10-u dövlət qulluğundan azad edilmə, 4-ü isə daha aşağı vəzifəyə keçirilmə olub.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 23, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 135, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 4, 7-ci (İctimai etimad) maddəsi üzrə 3, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 14, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 22, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 127, 12-ci (Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 9 və 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 6 intizam tənbeh tədbiri tətbiq edilib.

Ümumilikdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirləri əsasən "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun 4-cü (Vicdanlı davranış), 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması), 6-cı (Loyallıq), 7-ci (İctimai etimad), 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət), 9-cu (Mədəni davranış), 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi), 12-ci (Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) və 13-cü (Korrupsiyanın qarşısının alınması) maddələrinin tələblərinin pozulması ilə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti