Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/
Bakıda Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsinində təmir işləri davam etdirilir: "Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq. Təmir işlərinin axşam saat 23-24 radələrində başa çatdırılması və yolun bağlanan hissəsinin açılması gözlənilir".
P.Mürsəliyev qeyd edib ki, sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.