...

Sürücülərə şad xəbər: Bakıda bəzi yollarda dəyişiklik edilib (FOTO)

Cəmiyyət Materials 9 Mart 2015 11:53 (UTC +04:00)
Bakıda avtomobillərin sıxlığının və tıxacların aradan qaldırılması üçün bəzi yollarda dəyişiklik baş verib.
Sürücülərə şad xəbər: Bakıda bəzi yollarda dəyişiklik edilib (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobillərin sıxlığının və tıxacların aradan qaldırılması üçün bəzi yollarda dəyişiklik baş verib. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, paytaxt yollarında müəyyən dəyişikliklə baş verib. Onlardan biri Qələbə dairəsində olub: "Bir müddət əvvəl, ilkin mərhələdə burada hərəkətin istiqamətlərində dəyişiklik edildi ki, bu da öz səmərəsini verdi. İndi, ikinci mərhələdə orada ortadakı dairəvi qovşağın diametrinin kiçildilməsi hesabına yol genişləndirilir. Belə ki, Ə.Salamzadə və H.Zərdabi küçələrindən gələn nəqliyyat vasitələri dairəyə çatanda yolun daralması baş verir. Ona görə də biz dairəni kiçildib, zolaqların sayını çoxaldırıq. Bu, hərəkətin buraxma qabiliyyətini artırmağa və yoldakı sıxlığı aradan qaldırmağa kömək edəcək. Dairədə işlərin aparılmasına baxmayaraq, nəqliyyatın hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb".

P.Mürsəliyev qeyd edib ki, Heydər Əliyev prospektində də müəyyən dəyişiklik baş verib: "Əvvəllər avtomobillər Heydər Əliyev prospekti ilə Böyük Şor qovşağından şəhər istiqamətindəki köməkçi hissəsi ilə hərəkət edərkən Heydər Əliyev Mərkəzinin qarşısından əsas yola keçəndə yol dar olduğu üçün orada tıxac yaranırdı. İndi isə Heydər Əliyev Mərkəzinin qarşısından "Ramstor" qovşağına qədər ("Bazarstor" ticarət mərkəzinin qarşısındakı yol qovşağı) təxminən 200 m məsafədə yol əlavə olaraq 4,5 m də genişləndirilub. Bu da nəqliyyat vasitələrinin köməkçi yoldan əsas yola rahat keçməsini təmin edəcək".

Bundan başqa, mətbuat katibi artıq Xətai prospekti ilə Heydər Əliyev prospektinə doğru hərəkət edən sürücülərin də işinin asanlaşdığını bildirib: "Nəqliyyat vasitələri Xətai prospektindən "Ramstor" qovşağı ilə Heydər Əliyev prospekti istiqamətində hərəkət edən zaman əsas yoldan köməkçi yola keçəndə görüntü məhdud olduğu üçün orada sürücülərin manevr imkanları məhdudlaşırdı. Ona görə də Heydər Əliyev prospektində yol ötürücüsündən bir qədər irəlidə, təxminən 25 m məsafədə ayırıcı zolaq sökülüb və görüntünün daha yaxşı olduğu ərazidə əsas yoldan köməkçi yola keçmək üçün xüsusi yer düzəldilib. Yəni, əvvəllər Xətai prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələri yol ötürücüsündən düşən kimi köməkçi yola keçirərkən bu zaman Yusif Səfərov küçəsi ilə gələn nəqliyyat vasitələri ilə üzləşır və manevr etməkdə çətinlik çəkirdilər. Bu isə yolda sıxlığıa və tıxaca səbəb olurdu. İndi isə azca qabaqdan əsas yoldan köməkçi yola keçmək imkanı yaradıldığından bu problem də aradan qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti