...

Bakıda “Yer saatı” keçirilib (FOTO, VİDEO)

Cəmiyyət Materials 28 Mart 2015 23:00 (UTC +04:00)
Bakıda “Yer saatı” keçirilib.
Bakıda “Yer saatı” keçirilib (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Bakıda "Yer saatı" keçirilib.

Trend-in məlumatına görə, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşkilatçılığı ilə bütün dünyada keçirilən qlobal aksiyanın azərbaycanlı iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 19:30-da Azadlıq meydanında toplaşıblar. Sonra şamlar yandırılıb. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yeni Azərbaycan Partiyası, Qız qalası və Şirvanşahlar Sarayı, ADA Universiteti, Hökumət evinin və "Marriott Absheron" otelinin fasadının işıqlandırılması dayandırılıb. Bundan başqa, "Critical Mass Baku" veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak ediblər. Layihə saat 22:00-da başa çatıb.

"Yer saatı" kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi əlaqələndiricisi IDEA (Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) İctimai Birliyidir.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin tərəfdaşlığın inkişafı və ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanova AZƏRTAC-a bildirib ki, hər il bu qlobal aksiyada iştirak edən ölkələrin sayı artır. "Əgər 2014-cü ildə "Yer saatı" aksiyasında 156 ölkənin sakini iştirak etmişdisə, bu il isə onlara daha 16 ölkənin (İsrail, Əlcəzair, Kamerun, Venesuela və s.) sakini qoşulub. Bundan əlavə, bu il aksiya zamanı müxtəlif ölkələrdə yerli vaxtla 20.30-da 1220 binanın, həmçinin UNESCO-nun dünya irsi siyahısından 40 abidə üzərində işıqlar 1 saat söndürüldü", - deyə o qeyd edib.

"Yer saatı" ("Earth Hour 2015") beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşir. Bu, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hər il keçirdiyi beynəlxalq tədbirdir.

"Yer saatı" təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir. Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Hər il mart ayının son şənbə günü (bu il martın 28-də) saat 20:30-da milyonlarla insan bu aksiyada iştirak edir. Həmin insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. "Yer saatı" zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür. Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti